ATA OCAĞI

Məni yaratmağa qərarın verib,

Tanrının seçdiyi, ata ocağım.

Ana bətnindəki düzülüşümün

Anbaan şahidi, ata ocağım.

 

Taleyimi yazıb, canımı verən,

Ürək döyüntümü duyan dağlarım.

Hamıya sirr kimi olan bəxtimin,

Hər işdən agahdar, ata ocağım.

 

Bizim oralarda ulduzlar yaxın,

Necə aydın idi, necə bol idi.

Adıma seçdiyin parlaq ulduzu,

Sönməyə sən qoyma, ata ocağım.

 

Dadı damağımda pendir, lavaşın,

Ətirli havanın iyi canımda.

Yazın həstərinə dözməyib çıxan,

Donmasın bənövşəm, ata ocağım.

 

Mənə saray olan kasıb komanın,

İçinə sığmayıb varlı dünya.

Kiçik dünya bilib, söz atanları,

Cahildir, qınama, ata ocağım.

 

Sənin dağlarının əzəmətini,

Alçaldıb, heç sayıb, yox sayanları,

Arxanca söz edib, qəlbin qıranı,

Gözünə neştər ol, ata ocağım.

 

Səmaya ucalan göydələnlərin,

Torpaq qoxusu yox, ot qoxusu yox.

Göylərlə gizlicə təmasda olan,

Torpaqdan cücərən, ata ocağım.

 

Kökümü torpaqdan üzüb məhv etmə,

Qarlı yollardakı izim də qalsın.

Gizlənpaç oynarkən gördüyün yeri,

Gizli tut, bildirmə, ata ocağım.

 

Başqa diyarlara çox xəyal etdim,

Sən demə huzurun adı sənmişsən.

Cismim harda yatsa ona toxunma,

Ruhumu tap, apar, ata ocağım.

 

Qərib diyarlara yola salarkən,

Əlimi mələklər əlinə verdin.

Qanadlar üstündə geri dönməyin,

Onlardan sözün al, ata ocağım.

 

Yazılan yazıma şahid olsan da,

Yalvarıb yaxarsam bir söz deməzsən.

Yuxuda, aşkarda hərdən pıçılda,

-“Burda bir qız vardır. Bura o qızın

Ata ocağı!”

Cəvahir ƏSƏDOVA

 

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights