Ata-ana səsi yoxdursa… əslində çox kasıbsan

İnsan həyatının bir yerində mütləq dayanır. Tələsik addımlarını yavaşladır, səsini içinə çəkir və illərlə fərqinə varmadığı bir həqiqətlə üz-üzə qalır. O an anlayır ki, bu dünyada nə vəzifə, nə sərvət, nə də şöhrət insanı həqiqətən zəngin etmir. Çünki həyatda iki dəyər var ki, onların yerini heç nə doldura bilmir.

Birincisi evdən gələn ata-ana səsidir. O səs ki, uşaq vaxtı səni çağıranda bəlkə də vecinə almırdın, bəzən yorğunluqla cavab verirdin. Amma illər keçəndə anlayırsan ki, o səs evin nəfəsi imiş, həyatın istiliyi imiş, insanı ayaqda saxlayan görünməz dayaqlarmış.

İkincisi ananın bişirdiyi yeməyin qoxusudur. O qoxu sadəcə yemək qoxusu deyil. O qoxunun içində dua var, nigarançılıq var, gecə yuxusuz qalan ana var, səssiz-sədasız övladı üçün yanan bir ürək var. Dünyanın ən bahalı restoranları, ən dəbdəbəli süfrələri o qoxunun yerini heç vaxt verə bilməz.

Bir nəfər demişdi:

-“Mən evdən çıxanda həmişə arxaya baxırdım, bahalı maşınıma, böyük evimə, vəzifəmə, puluma. Öz-özümə deyirdim ki, hamısını özüm qazanmışam.” Amma bir gün geri çevriləndə anasının iki əlini göyə açıb dua etdiyini gördü. O an dərk etdi ki, qazandığı hər şeyin kökündə onun zəhməti yox, anasının duası dayanıb. Allahın ona verdiyi nə varsa, o əllərə görə verilib. Valideynlər elə bir nemətdir ki, varlığında qiyməti bilinmir, yoxluğunda isə bütün dünya səssizləşir. Ata susanda ev yetim qalır, ana susanda həyat dadsızlaşır. Sonra gecələr uzun olur, xatirələr ağırlaşır, peşmanlıq insanın sinəsini sıxır. “Kaş bir az da qulaq asaydım… Kaş bir az da vaxt ayıraydım…” sözləri artıq heç nəyi dəyişmir.

Odur ki, gec olmadan, səs hələ varkən, qoxu hələ evdən gəlirkən, dua hələ sənin üçün edilirkən valideynlərin qədrini bil. Onlara baxmaq sadəcə borc deyil, bu dünyanın ən böyük şərəfidir. Çünki bir gün hər şeyin var, amma ata-ana səsi yoxdursa, insan anlayır ki, əslində çox kasıbdır.

Əli İbrahimov

Bizimlə oxuyun
Verified by MonsterInsights