Asteroid qurşağının böyük bir hissəsi boş kosmosdan ibarətdir

ELAZ.İNFO xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı, 30 iyun 1908-ci ildə Sibir ərazisinə məşhur Tunqus asteroidinin düşməsi ilə əlaqədar olaraq, həmin günü Beynəlxalq Asteroid Günü elan edir.

Həmin asteroid Dünyaya daxil oldu və 1000 Hirosima bombasına bərabər bir partlama baş verdi, yüzlərcə kilometr ərazi meşə yanğınları ilə əhatələndi. Lakin bu, radioaktiv bir partlama deyil. Daha sonralar həmin bölgədə edilən araşdırmalar nəticəsində ağacların arasında dünyaya aid xüsusiyyətlər daşımayan bəzi zərrəciklər tapıldı. Onların asteroid mənşəli meteoritlər olduğu aşkar edildi.

Qədim yunan sözü olan “asteroid” “ulduzabənzər” deməkdir və Günəş sisteminin kiçik cisimlərindən olub, bərk nüvəyə malikdir. 20-ci əsrin ortalarından etibarən Günəş sisteminin xarici sərhədlərində hələ müəyyən oluna bilməmiş çox sayda göy cisminin tapılması qarşıya məqsəd qoyulmuş və var ola biləcək orbit xüsusiyyətlərinə görə bu cisimləri içinə alacaq nəzəri Koyper qurşağı və Oort buludu terminləri təyin olunmuşdur. Praktik səbəblərlə Koyper qurşağı və Oort buludu cisimlərini transneptun obyektlər adlandırırlar. Beləcə, Günəş ətrafında dönən cisimləri ümumi olaraq “planetlər”, “cırtdan planetlər”, “quyruqlu ulduzlar” və “transneptun cisimlər” olaraq qruplaşdırırlar. 1980-ci illərdən başlayaraq kəşf edilməyə başlayan asteroidlərin isə Günəş sistemində sayı 10 minlərlədir. Onlar Günəş Sisteminin formalaşması əsnasında ortaya çıxmışdır. Günəş sistemindən təxminən 4,5 milyon il əvvəl isə qaz və toz buludları şəklində mövcud idilər. Asteroidlərin ölçüləri adi planetlərə görə çox-çox kiçikdir və buna görə də onları bəzən kiçik planet adlandırırlar. Lakin planetləri təşkil edən maddələrlə asteroidləri təşkil edənlər eyni deyildir. Bu kiçik planetlər Mars və Yupiter orbitləri arasında eni təxminən 40.000.000 km olan bir asteroid qurşağı və ya halqası əmələ gətirirlər.

Lakin, asteroid qurşağının böyük bir hissəsi boş kosmosdan ibarətdir. Əgər bir asteroidin üzərində olsa idik, başqa bir asteroidi adi gözlə görməyə də bilərdik. Həm də olduqca çox olmalarına baxmayaraq, asteroid qurşağındakı bütün asteroidləri tək bir yerə toplasa idik, Aydan belə daha kiçik olardı. Bəzi fərziyyələrə görə asteroidlər Mars və Yupiter arasında yerləşən parçalanmış qədim planet Featonun qalıqlarıdır. Qurşaqda yerləşən asteroidlərin ən iriləri Serera, Pallada, Vesta, Yunonadır. Asteroid qurşağından kənarda digər planetlər kimi, Günəş ətrafında Kepler qanunları üzrə (qərbdən şərqə doğru) dolanan asteroidlər də vardır. Məsələn, İkar, Hermes adlı asteroidlər belələrindəndir. Onların orbitlərinin ekssentrisiteti vahidə yaxındır. Yalnız bir asteroid, nisbətən əksetdirici səthə malik olan Vesta, adi gözlə müşahidə oluna bilir ki, bunun üçün asteroid yerə yaxın olmalı və həmçinin qaranlıq mövqedə olmalıdır. Nadir hallarda, dünyanın yaxınlığındakı kiçik asteroidlər qısa müddət ərzində adi gözlə görülə bilər. Müşahidələrlə müəyyən olunmuşdur ki, asteroidlərin parlaqlığı dəyişir. Bu o deməkdir ki, onlar düzgün formaya malik olmayan qəlpələrdir. Bunun ən böyük səbəblərindən biri onların kürə forması alması üçün lazımi cazibə qüvvəsinə sahib olmamalarıdır. Asteroidlərin kimyəvi quruluşu da müxtəlifdir, əsasən minerallardan və süxurlardan ibarətdirlər. Bu fərqli cəhətlər onların ölçülərində də özünü göstərir, belə ki, 10 metrdən daha kiçik asteroidlərlə yanaşı, 100 km uzunluğu aşan asteroidlər də mövcuddur. Hər il bir maşın böyüklüyündə asteroid dünyanın atmosferinə daxil olmaqdadır. Əslində, dünyamız üçün qlobal qatillər hesab olunan bu cisimlərdən hər gün irili-kiçikli bir neçəsi atmosferə düşür. Lakin dünyaya doğru gələn bu göy cisimləri sürətli bir şəkildə gəldiyi üçün və sürtünmənin də təsiri ilə Yer üzünə düşmədən havada yanaraq məhv olur və gecə səmaya baxanlara ulduz axması (sürüşməsi) zənn etdirir. Atmosferimiz bir növ bizim üçün kosmosdan gələn təhlükələrə qarşı qoruyucu funksiya yerinə yetirir. Yəni əgər dünyamız bir fəlakət yaşayacaqsa, bu fəlakət kosmosdan gəlməyəcək. Bunun bir səbəbi də dünyanın 2/3-sinin sudan ibarət olmasıdır. Onların dünyaya ən böyük təsirinin 65 milyon il öncə dinozavrların nəslinin tükənməsinə səbəb olan böyük bir asteroidin dünyaya çarpması düşünülür. “Neo Earth Close Approaches” saytında dünyaya yaxınlaşmaqda olan göy cisimlərinin siyahısı yerləşdirilir.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights