Asan yolla sülhə şərik olan adam…

Fox News-un aparıcısı Mark Levinə verdiyi müsahibəsində Azərbaycan və Ermənistan liderləri arasında avqustun 8-də Ağ evdə imzalanan razılaşmalardan danışan ABŞ prezidenti Donald Trampın yenə özünü tərifləməsi azmış kimi, üstəgəl, Azərbaycanın adını düzgün tələffüz etməkdə çətinlik çəkməsi bir daha iş adamlarının bir çoxunun siyasətə tamamilə yad adamlar olduğunu göstərir.

Kapitalı özləri üçün Tanrı hesab edən bu adamlar tarix, siyasi coğrafiya, mədəniyyət, diplomatiya məsələləri ilə heç vaxt yaxından maraqlanmırlar. Elə bunun ucbatından bu adamların nitqləri də, intellektləri də həddindən artıq kasıb olur.

Donald Tramp da öz bərbad nitqi və bilgisizliyi ilə sözügedən zümrənin tipik nümayəndəsidir.

Birləşmiş Ştatların qurucu liderləri və bir çox keçmiş prezidentləri (Corc Vaşinqton, Tomas Cefferson, Bencamin Franklin, Avraam Linkoln, Teodor Ruzvelt və b.) yüksək zəka sahibi və əsl erudit olsalar da, lakin son 30 ildəki bir sıra dövlət başçıları tarixdə ən bisavad siyasi liderlər kimi iz qoymaqdadırlar.

1992-2000-ci illərdə ABŞ-ın rəhbəri olmuş Bill Klinton öz xanımının (Hillari Klinton) sayəsində, necə deyərlər, çulunu sudan birtəhər çıxarırdı. Kiçik Corc Buş (2000-2008-ci illərdə ABŞ prezidenti olub) xəritədə Şimali Koreyanın yerini düzgün göstərə bilmirdi, Tayvanı isə “respublika” adlandırırdı.

Tramp da öz sələflərindən (B.Klinton, C.Buş) qətiyyən geri qalmır. Tez-tez fikrini, mövqeyini dəyişən, əvvəlki açıqlamalarına tamamilə zidd açıqlamalar verən bu adam bugünlərdə The Mark Levin Show efirində danışarkən bizim ölkəmizin adını “Aberbaycan” kimi tələffüz və “Albaniya” ilə müharibə apardığımızı iddia etməklə Cənubi Qafqazın ən yeni tarix və geosiyasətindən nə qədər bixəbər olduğunu açıq şəkildə nümayiş etdirdi.

O, hətta “Aberbaycan”la “Albaniya”nın barışmasını da öz adına çıxır.

Sitat:

“Çox möhtəşəm, möhtəşəm şeylər oldu. Mən 6 müharibəni dayandırmışam. Daha biri də var. Siz Aberbaycanı gördünüz. Albaniya ilə 34-35 il sürən münaqişə böyük problem idi. Mən bu münaqişəni dayandırdım. Mən bu ölkələrin liderləri ilə danışdım. Onlara dedim ki, siz niyə döyüşürsünüz? Əgər müharibəni davam etdirsəniz, mən sizinlə ticarət müqaviləsi bağlamayacam. Beləliklə, mən bu konflikti həll etdim”.

Əsl həqiqətdə isə Tramp heç bir müharibəni dayandırmayıb. O, sadəcə olaraq barış ərəfəsində olan ölkələrin sülh təşəbbüslərini öz adına çıxmaqla, sülhə şərik olmaqla məşğuldur. Amacı, hədəfi isə budur ki, bu cür asan yolla Nobel sülh ödülünü qazansın.

Bu baxımdan Trampı sülh göyərçini yox, sülh oğrusu adlandırmaq daha düzgün olardı.

Amma hər kəs bilir ki, Azərbaycan və Ermənistan arasında 44 günlük savaşı qazanan da, bölgədə sülhü yaradan, sabitliyi bərqərar edən də məhz Azərbaycan ordusudur.

Tramp belə sülh yaradandırsa, getsin Qəzzada savaşı dayandırsın, Ukraynada qan tökülməsinə son qoysun.

Putinin işğalçılığına göz yuman, onun ayaqları altına qırmızı xalı sərən ABŞ prezidenti heç vaxt gerçək sülh elçisi ola bilməz.

P.S. Siyasətşünaslığın patriarxı sayılan Henri Kissincerin sözləri ilə desək, bu gün təkcə beynəlxalq təhlükəsizlik arxitekturasının çöküşü yox, həm də liderlərin deqradasiyası baş verir. Bəşəriyyət öz taleyini Tramp və Makron kimi şöhrət düşkünlərinin, Putin kimi azğınların ixtiyarına buraxıb…

P.P.S. Ermənistanın “Albaniya” adlandırılması isə müəyyən dərəcədə tarixi həqiqətlə səsləşir. Çünki Qafqaz Albaniyası müasir Azərbaycan əraziləri ilə bərabər, həmçinin indiki Ermənistan, Gürcüstan və Şimali Qafqazın bir hissəsini əhatə edən tarixi Azərbaycan dövləti olub.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights