Arvad ərini satır…

Çində bir biznes-ledi onun tabeliyində işləyən cavan kişiyə vurulur və onunla evlənmək istəyir. Tərs kimi bu kişi də evli olur.

Biznes-ledi düşünür ki, nəyi ki pulla həll etmək olmur, onu çox pulla həll etmək olar. Tapır kişinin arvadını və xanımlar alver edib, məsələni həll edirlər: arvadı $420.000 müqabilində əri ilə boşanmağa razılıq verir. Beləcə malı, yəni kişini satır.

Malı alan onunla ailə qurur, 1 uşaqları da olur, lakin bir il sonra biznes-ledi kişidən bezir və malı (uşaqla birlikdə) qaytarmaq, pulunu da geri almaq qərarına gəlir. 1-ci arvadı haqlı olaraq etiraz edir – axı o, mala qarantiya talonu verməmişdi. Nə başınızı ağrıdım, iş çıxır məhkəməyə.

Biznes-ledi məhkəməyə nə deyir, bəlkə də neçə verir – bilmirəm, amma iş onun xeyrinə həll olunur, yəni pul qaytarılmalıdır, 1-ci arvad isə malı geri götürməkdə və ya götürməməkdə sərbəstdir.

1-ci arvad məhkəmə qərarından narazı qalır və qərardan yuxarı instansiya məhkəməsinə şikayət edir. Bu məhkəmə biznes-ledinin dəlillərinin kifayət etmədiyini əsas gətirərək, əvvəlki qərarı ləğv edir. Elə bilirsiniz, pul 1-ci arvadına qalır? Əsla!

Məhkəmə qərar verir ki, pul biznes-ledidən olan uşağı saxlamaq üçün kişiyə qalır.

Məncə, kişi artıq 3-cü dəfə evlənib.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights