Bu gün Bakıda və ətraf ərazilərdə yaranan nəqliyyat xaosunun əsas səbəbi sürücülər və piyadalar deyil, illərdir yol verilən ciddi idarəetmə və planlaşdırma səhvləridir.
ELAZ.İNFO xəbər verir ki, bu sözləri Milli Məclidin Deputatı Razi Nurullayev deyib: Artıq sürücülər açıq şəkildə bezib. Bir neçə ayın içində 20 bal yığılır və sürücülük vəsiqəsi qüvvədən düşür. Haqlı sual yaranır: əvvəl niyə bu qədər pozuntular olmurdu? İndi nə dəyişib? Problemlər həll olunmadan, alternativlər yaradılmadan insanları fakt qarşısında qoymaq, onları işindən-gücündən etmək ədalətli yanaşma deyil.
Bu gün sürücülərin real alternativi yoxdur. İctimai nəqliyyat tələbatı qarşılamır, marşrutlar rahat deyil, metro və avtobuslar həddən artıq yüklənib, şəhər isə tıxac içində boğulur. İnsanlar sözün əsl mənasında boğaza yığılıb. Belə vəziyyətdə onlara yalnız “daha çox cərimə” mesajı vermək sosial gərginliyi artırmaqdan başqa bir nəticə verməyəcək.
Əgər aidiyyatı qurumlar real nəticə görmək istəyirsə, əvvəlcə öz fəaliyyətinə tənqidi baxmalıdırlar: niyə yollar buraxılış qabiliyyətini itirib, niyə ictimai nəqliyyat cəlbedici deyil, niyə şəhər planlaması bu vəziyyətə gətirilib? Bu suallara cavab verilmədən cərimələri artırmaq sadəcə narazılığı dərinləşdirir. Hazırda Bakıda və ətrafında 2030-cu ilə hesablanmış vacib nəqliyyat layihələri həyata keçirilir və onun daha sürətli şəkildə yerinə yetirilməsi lazımdır.
Təhlükəsizlik adı altında vətəndaşın cibinə əl uzatmaq islahat deyil. İslahat məsuliyyəti cəmiyyətin yox, sistemi idarə edən qurumların üzərinə qoymaqla başlayır.
Ruslan MƏMMƏDOV