Zaman dəyişdi, amma insanın iç üzü, xisləti dəyişmədi. Artıq şeytan qırmızı rəngli, buynuzlu, qorxunc varlıq deyil. O, indi qalstuk taxır, gülümsəyir, cəlbedici danışır. Bəzən xeyriyyəçi kimi görünür, bəzən dost, bəzən rəhbər, bəzən müəllim və ya bir ailə üzvü kimi. Amma içində nə mərhəmət var, nə vicdan, nə də şəfqət.
Kimisi pulu tanrılaşdırıb – hər şeyi pula satır: dostunu, şərəfini, ailəsini, hətta öz vicdanını. Kimisi vəzifə üçün yalanı həqiqət kimi göstərir, insanların taleyi üzərində pillə-pillə yüksəlir. Kimisi isə daim daha çox istəyir – daha çox mal, daha çox nüfuz, daha çox güc – amma bir dəfə də olsun “yetər” demir. Gözü doymaz, qəlbi hisssizdir.
Onlar aramızdadır. Ətrafımızda gəzirlər. Bəzən bir masada oturduğumuz şəxs, bəzən başımızda duran rəhbər, bəzən dərs öyrədən müəllim, bəzən də eyni evdə yaşadığımız biri. İnsan surətindədirlər, amma ruhları şeytanla əvəz olunub. Və qəribə olan odur ki, artıq şeytana iş qalmayıb. Çünki onun yerini çoxdan insanlar alıb.
İndi bir anlıq dayan və düşün: ətrafındakılar doğrudan da insanmı? Yoxsa şeytanın libasını geyinmiş varlıqlarmı?
Əli İBRAHİMOV