ElAZ.İNFO xəbər verir ki, Arxangelskdəki Şimal Arktika Federal Universitetində (SAFU) start götürən “Qış məktəbi” layihəsi çərçivəsində gənc alimlər Arktikanın mikroaləmini və ekoloji təhdidləri araşdırmağa başlayıblar. Rusiya və Belarusdan olan 30 tədqiqatçı buzlar altında gizlənən sirləri üzə çıxarmaq üçün bir araya gəlib.
Qlobal istiləşmə nəticəsində əbədi donuşluğun (permafrost) əriməsi bəşəriyyət üçün yeni suallar doğurur. Alimləri ən çox narahat edən məqam budur: Donmuş torpaqların altından ayrılan metan qazını Arktika bakteriyaları “yeyib” zərərsizləşdirə biləcəkmi, yoxsa bu qaz atmosferə sızaraq istiləşməni daha da sürətləndirəcək? Tədqiqatçılar buzlaqlarda min illərdir “yatan” qədim mikroorqanizmlərin təkamül tarixini və onların müasir dünyaya təsirini öyrənirlər.
Layihənin ən perspektivli istiqamətlərindən biri bakteriofaqların (bakteriyaları məhv edən viruslar) öyrənilməsidir. Müasir tibbin ən böyük problemlərindən olan antibiyotikə davamlı infeksiyalara qarşı yeni dərman preparatlarının məhz Arktikadan tapılan mikroblar əsasında hazırlanması gözlənilir. Gənc alimlər təkcə laboratoriyada deyil, həm də “çöl” şəraitində işləyəcəklər: Yol kənarından və meşəliklərdən götürülən qar nümunələrində zərərli metalların konsentrasiyası ölçüləcək. İnfraqırmızı mikroskopiya vasitəsilə Arktika sularında və torpağında plastik qalıqlarının izi sürüləcək.
Bu elmi ekspedisiya Arktikanın bioiqtisadiyyatını və ekoloji təhlükəsizliyini təmin etmək üçün strateji addım hesab olunur.
Ruslan MƏMMƏDOV