Araqarışdıran blogerin erməni “sevgi”sinin sonu…

ELAZ.İNFO xəbər verir ki, 44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbəmiz bizi bir millət olaraq tamam fərqli, yeni dalğaya keçirib, işğaldan doğan əziklik kompleksimiz artıq keçmişdə qalıb, qəddimiz dikəlib. Və eyni zamanda, buna paralel olaraq isə, bir çox düşmənlərimiz də bu Qələbədən sonra, necə deyərlər, relsdən çıxıblar, “offsayd”a düşüblər, lazımsız personajlara çevriliblər və tamamilə işsiz-gücsüz qalıblar. İndi onların “xidmət”i heç kimə lazım deyil. Onların bir çoxu birdəfəlik şpris kimi istifadə edilib atılıb.

Belə miskin personajlardan biri də Aleksandr Lapşindir…

Bəli, bəli, həmin o “məşhur” irqçi, türkəfob, azərbaycanafob səyyah və bloger Lapşin.

Bu yaramaz varlıq bir zamanlar ermənilərə yarınmaq, erməni lobbisinin “kassa”sından müftə pullar əldə etmək məqsədilə Azərbaycana qənim kəsilmişdi. O, hər fürsətdə xalqımızı təhqir edir, Azərbaycan dövlətinə kin püskürür və bütün vasitələrlə erməni separatçılarına sıx dəstək verirdi.

Hazırda İsraildə yaşayan bu qatı azərbaycanafob 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatından sonra bir müddət yenə də Ermənistana səfərlər etsə də və erməni tv kanallarının efirindən erməni xalqının ünvanına riyakarçasına komplimentlər yağdırsa da, lakin sonradan onun həm Paşinyan iqtidarı ilə münasibətləri yavaş-yavaş pisləşməyə başladı, həm də o, get-gedə bir çox erməni sosial şəbəkə istifadəçilərinin qınaq hədəfinə çevrildi.

Lapşin Paşinyan iqtidarını gözdən salmaq üçün Ermənistanda qarşılaşdığı ən kiçik problemi də dərhal böyük bir “hadisə”yə çevirib öz Fb səhifəsində sanki “sensasiya”lı məsələ kimi paylaşır. Son günlərdə İrəvanın bəzi hissələrində suyun kəsilməsi də Lapşin üçün lap göydəndüşmə “siyasi” mövzuya çevrilib.

Görünən budur ki, Paşinyanın Azərbaycanla sülhə yaxınlaşmaq istiqamətində atdığı addımlar Lapşinin xoşuna gəlmir. Çünki Ermənistanla Azərbaycan arasında sülh bağlansa, Lapşin daha heç kimə lazım olmayacaq, erməni lobbisi onun “muzd”unu kəsəcək.

Lapşin də məhz bu səbəbdən əl-ayağa düşüb və Robert Köçəryan-Serj Sərkisyan “banda”sı ilə birləşərək Paşinyana qarşı qaralama kampaniyası aparır.

Məncə, Paşinyan da Azərbaycandan nümunə götürərək növbəti səfər zamanı bu yaramazı İrəvanda həbs etməli və bir müddət keçdikdən sonra isə onu İsrailə deport etməlidir.

Bu araqarışdıran blogerin ermənilərə qarşı “dərin sevgi”si artıq gündən-günə öləziməkdədir. İndi ermənilər onun əsl üzünü, gerçək siması(zlığı)nı yavaş-yavaş tanımağa başlayırlar.

Bu cür katalizatorlar hər yerdə boykot olunmalıdır.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights