ELAZ.İNFO xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin (USC) alimləri qaraciyər piylənməsindən (steatoz) əziyyət çəkən şəxslər üçün ciddi xəbərdarlıq ediblər. Tədqiqatlar göstərir ki, hətta gündəlik içməyən, lakin arabir böyük miqdarda alkoqol qəbul edən şəxslərdə qaraciyər fibrozu və digər ağır zədələnmələrin yaranma riski üç dəfə artır. Bu kəşf həkimlərin xəstəlik riskini proqnozlaşdırma metodikasını tamamilə dəyişəcək.
Tədqiqat rəhbəri Brayan Li bildirib ki, əvvəllər həkimlər əsasən ümumi içilən alkoqolun həcminə diqqət yetirirdilər. Lakin yeni məlumatlar sübut edir ki, periodik “zaporlar” (bir dəfəyə çox miqdarda içmək) qaraciyər üçün daha dağıdıcıdır. Hətta digər günlərdə az içilsə belə, ayda bir dəfə 5 porsiyadan çox alkoqol qəbulu steatoz daşıyıcılarında fibrozun inkişafını kəskin sürətləndirir
Dünya əhalisinin təxminən 13-32%-i qaraciyər piylənməsindən əziyyət çəkir. Bu vəziyyət adətən artıq çəki və maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Fibroz zamanı isə qaraciyərdə birləşdirici toxumalar artmağa başlayır ki, bu da sonda qaraciyər sirrozuna yol açır. Qaraciyər xəstəlikləri son onilliklərdə, xüsusən də post-kovid dövründə alkoqol istehlakının artması səbəbindən iki dəfə çoxalıb.
Alimlərin fikrincə, bu risk təkcə steatoz xəstələrinə deyil, sağlam insanlara da şamil oluna bilər. Hazırda fibrozun qarşısını almaq üçün məhdud sayda vasitə olduğu üçün həkimlər insanlara hətta nadir hallarda olsa belə, həddindən artıq alkoqol qəbulundan çəkinməyi tövsiyə edirlər. Qaraciyər sağlamlığını qorumaq üçün qidalanma və həyat tərzi ilə yanaşı, zərərli vərdişlərin qəbul formasına da nəzarət etmək vacibdir.
Ruslan MƏMMƏDOV