Ana nəfəsin istiliyi, ata isə dayandığın torpağın möhkəmliyidir

Böyük rus yazıçısı Fyodor Dostoyevskinin bir kəlamı var: “Anam bizə həmişə deyərdi ki, atanız evə gələndə onun üzünə gülün. Çöldə həyat vahiməlidir, kişiləri əzir, taqətdən salır.”

Bu sözlərin içində həm sevgi, həm ağrı, həm də ailənin görünməz dayağı olan atanın qəlbində gizlənən yorğunluq yatır.

Ana ilə ata arasındakı fərq bəzən gözlə görünmür, amma insan böyüdükcə bu fərqlərin möhtəşəmliyini dərk edir. Ana səni 9 ay bətnində gəzdirir, hər sancısı, hər nəfəsi ilə səni qoruyur. Ata isə səni bütün ömrü boyu ürəyində gəzdirir, amma bunu heç vaxt nümayiş etdirmir. Onun sevgisi səs salmır, sükutun içində yaşayar.

Ana sənin tox olub-olmadığını soruşar. Ata isə səni elə böyüdər ki, bir gün heç vaxt kimsədən çörək ummayasan. Onun dərsi ağırdır, amma həyatın çətinliyində səni yalnız bundan başqa heç nə qoruyur. Ana səni qucağına alar, dünya ilə arana sükunət çəkər. Ata səni çiyninə alar, dünyanın yükünü öz çiynində daşıya-daşıya səvəni daha yuxarıda, daha uzaqda göstərər. Sən o yükü görməzsən, o isə hər addımında hiss edər.

Ana sevgisi doğulduğun gündən ruhuna hopur, nəfəs kimi, su kimi, özü-özlüyündə təbii.

Ata sevgisi isə illər sonra, öz övladını qucağına aldığın gün açılır, gecikmiş bir hikmət kimi insanın qəlbinə enir. Ananın dəyəri ölçülməz, o müqəddəsdir, o sənsiz dünyanın dağılacağı mərkəzdir. Atanın dəyəri isə çox zaman unudular, sükuta bükülər… ta ki bir gün başa düşənə qədər ki, bir daha zaman onu geri gətirməz. O zaman anlayarsan ki, ana nəfəsin istiliyi, ata isə həyatda dayandığın torpağın möhkəmliyidir.

Hər ikisi bir ömrün iki dayağıdır, biri səni böyüdər, digəri səni qoruya-qoruya qocalar.

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights