ANA DİLİMİZİ KİMDƏN QORUYAQ

Azərbaycanlıların ümumi ünsiyyət vasitəsi olan Azərbaycan dili tarixən heç də həmişə bu adı daşımamışdır. Qədimlərdən  əsrimizin 30-cu illərinə qədər o, türk dili adı ilə tanınmışdır.   

XIX əsrdən Azərbaycan dilinə aid əsərlərdə, çarın rəsmi dövlət sənədlərində və ayrı-ayrı şəxslərin məktub və xatirələrində Azərbaycan dili müxtəlif adlarla adlandırılmışdır: “türk dili”, “türk tatar dili”, “türk-Azərbaycan dili”, “tatar dili”, “tatar-Azərbaycan dili, “Qafqaz-tatar ləhçəsi”və s. 30-cu illərdən isə konkret desək, 1936-cı ildən Stalinin qərarı ilə Azərbaycan dili adlandırılır. 1929-cu ilə qədər ərəb əlifbası, 1929-39-cu illər ərzində latın qrafikalı əlifba, 1939-2001(1991)- ci illərdə rus qrafikalı (kiril) əlifbadan istifadə edilmişdir. 25 dekabr 1991-ci il tarixində latın qrafikalı Azərbaycan əlifbası yenidən bərpası edilsə də bu proses uzun müddət davam etmişdir.

Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevirilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb inkişaf yolu keçmişdir.  Azərbaycan dilinin inkişaf tarixini iki mərhələyə ayırmaq olar:

1. IX əsrdə formalaşmış “Kitabi-Dədə Qorqud” dan XVI əsr Füzuli dilinə qədər olan mərhələ.

2. XVI əsrin sonu və XVII əsrin əvvəllərindən bu günə qədər olan mərhələ.

Dilimizin inkişafının I ci mərhələsi dilimizin mükəmməlliyinin və zənginliyinin tam mənzərəsi ilə Nəsiminin (XIV əsr) və Füzulinin (XVI əsr) dilində əks olunur. Bu dövrün şifahi xalq yaradıcılığının da dilinə aid nümunələr kifayət qədərdir.

          Azərbaycan  dilinin XIV- XVI əsrlərindəki yüksəlişi ölkənin ictimai-siyasi və mədəni həyatının inkişafi və dövlət quruculuğu işinin milli zəmində güclənməsi, nəhayət, mərkəzləşmiş  Azərbaycan dövlətinin yaranması ilə sıx surətdə bağlıdır.  Mövcud siyasi şərait nəticəsində ana dilimiz ilk dəfə dövlət dili səviyyəsində işlədilməyə başladı. XVI əsrin sonu və XVII əsrin əvvəllərindən Azərbaycan dilinin inkişafında yeni mərhələ başlayır. Bu dövrlərdən dilimizin əsas lüğət fondu, qrammatik quruluşu və fonetik tələffüz norması müəyyənləşir.

          XVIII əsrin sonları XIX əsrin əvvəllərindən dilimizdə rus-Avropa sözləri işlənməyə başlayıb. Bu dəyişmə tarixi-mədəni-siyasi şəraitlə bağlı baş verib.

          Azərbaycan dilinin dövlət dili kimi işlənməsi tarixi ilk dəfə S.İ.Xətainin ictimai-siyasi fəaliyyəti ilə bağlı olmuşdur.   Ordu əsasən Azərbaycan tayfalarından təşkil olunurdu. Mövcud milli-ictimai şərait təbii ki, öz fəaliyyətinin icrasını həyata keçirmək üçün ana dilinə-ümummilli ünsiyyətə ciddi ehtiyac hiss edirdi.  Belə bir zərurət zəminində Azərbaycan dili tarixdə ilk dəfə dövlət dili səviyyəsini aldı. 1919-20-ci illərdə Demokratik Azərbaycan Cümhuriyyəti türk dilini rəsmi dövlət dili elan etdi.

Respublikamız yalnız dövlət müstəqilliyi əldə etdikdən sonra ana dilimiz həqiqi mənada, əməli şəkildə dövlət dili hüququnu qazandı. 1 avqust Azərbaycanda Ana Dili Günü kimi qeyd olunur. Bu gün 2001-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qeyd olunur və Azərbaycan dilinin dövlət dili kimi qorunması, inkişaf etdirilməsi və təbliği məqsədi daşıyır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə böyük önəm verən dövlət xadimi olub və dilin qorunması, inkişafı istiqamətində mühüm fikirlər səsləndirib. Onun çıxışları və fəaliyyəti Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsində mühüm rol oynayıb.

Ana Dili gününün rəsmi olaraq qeyd edilməsi həm də  Azərbaycan dilinin zənginliyini və gözəlliyini təcəssüm etdirməklə gənc nəslin ana dilinə sevgisini gücləndirir. Bu həm də dilimizi təbliğ etmək və onun düzgün istifadə olunmasına diqqət çəkmək üçün mühüm fürsət idi. Lakin bundan da ön tarixlərdə Azərbaycan dilinə dövlət qayğısı vardır. 21 aprel 1978‑ci il tarixli qəbul edilmiş Konstitusiyanın VII sessiyasında dövlət dili olaraq Azərbaycan dilindən istifadə edilməsinin təşəbbüsçüsü də məhz Heydər Əliyev olmuşdu.  Daha sonra Milli Məclisdə 1992‑ci ildə qəbul edilmiş “Dövlət dili” haqqında qanunla Azərbaycan dilinin statusu müəyyənləşdi. Heydər Əliyev bu qanunda hüquqi boşluqları və tarixi aspektləri əsas götürərək məsələni gündəmə gətirmişdi.

2001‑ci il 18 iyunda  “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalanmış və Dövlət Dil Komissiyası yaradılmışdı. Bu sənəd dövlət dilinin tətbiq sahəsini genişləndirmək üçün ən önəmli atılmış strateji addım idi. 2001‑ci il 9 avqust ayında isə verilmiş fərmanla Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilmişdir.  Hər il avqustun 1‑i xüsusi gün kimi qeyd edilməsi latın qrafikalı əlifbanın tam tətbiqinə dəstək olmuşdu. 2002‑ci ildə   “Dövlət dili haqqında” qanun qəbul edilməsi Azərbaycan dilinin inkişafı, qorunması və dilçilik sahəsinə dövlət dəstəyinin vacibliyi rəsmən təsbit edilmişdir.

Heydər Əliyevin dilə dair düşüncələri yalnız fərman və qanunlarla məhdudlaşmır. Onun nitqlərində dili müstəqilliyimizin simvolu və milli ruhun ifadəsi kimi təqdim etmişdir. O “Biz Azərbaycan dilinin inkişafı üçün qərar verdik… Latın qrafikasına keçdik… Bu bizim milli özünəməxsusluğumuzun sübutudur” deməklə Ana dilinə olan sevgisini bir daha nümayiş etdirmişdir. Heydər Əliyev Azərbaycan dilini milli kimliyin, dövlətçiliyin və mədəniyyətin əsas sütunu kimi görmüşdür. Ulu Öndər Heydər Əliyev hər şeyi özündən örnək olaraq başlayırdı. O təmiz Azərbaycan dilində danışırdı. Baxmayaraq ki, uzun müddət xarici ölkədə yaşamışdı. Buna baxmayaraq dilin saflığını qoruyub saxlamağa müvəffəq olmuşdur. Heç bir çıxışında Ulu Öndər yad sözlərdən istifadə etmirdi. Azərbaycan dili bizim milli sərvətimizdir,  “Hər bir azərbaycanlı bu dili qorumalı və inkişaf etdirməlidir” deməklə xalqımızı dilin qorunmasında daha məsuliyyətli olmağa çağırırdı.  “Dilimiz bizim milli varlığımızdır”, “Biz bu dili yaşatmalı, onun saflığını, gözəlliyini qoruyub saxlamalıyıq”,  “Müstəqil Azərbaycanın dövlət dili yalnız Azərbaycan dilidir və bu, əbədi olacaqdır”, “Dilin saflığına, zənginliyinə fikir vermək, onu təhriflərdən qorumaq hər bir vətəndaşın borcudur”, “Ana dilini bilmək, sevmək hər bir azərbaycanlının borcudur. Ana dili xalqın mənəviyyatının əsasını təşkil edir” kimi fikirləri həm düşüdürücü, həm də məsuliyyətli idi.

          Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dilinə dair fikirlərində ana dilinə dərin hörmətlə yanaşması, onun qorunmasının və inkişafının vacibliyini, milli-mənəvi dəyərlərini dəfələrlə vurğulamışdır. “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir” deyərək dilə olan dəyəri ifadə edir.  O bildirib ki, müstəqillik dövründə Azərbaycan dili dövlət dili statusu almış və bu, Ulu Öndər Heydər Əliyevin dil siyasətinin davamıdır.  “Azərbaycan dili zəngin leksik imkanlara, səlis səslənməyə və qrammatik sabitliyə malikdir, və “xarici sözlərə ehtiyac yoxdur” deməklə Prezident İlham Əliyev dilimizdə müasir dövrdə daha çox işlənən yad sözlərə gərək olmadığını söyləmiş olur.

Prezident İlham Əliyev rəsmi çıxışlarında dillərarası zənginlikdən bəhs edərək gənclərə öz tövsiyyəsini verir: “Mən arzu edirəm ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun… Nəsimini Azərbaycan dilində oxusun”. Bir neçə dil bilməsinə baxmayaraq İlham Əliyev daim doğma ana dilində danışmağa üstünlük verib. Bunun ən bariz nümunəsi 44 günlük Vətən müharibəsi zamanı oldu.

          Prezident  İlham Əliyev jurnalistlərə müsahibə verərkən yüksək kübarlıq nümayiş etdirirdi. Azərbaycan dilində səlis danışır, heç zaman rus sözlərindən istifadə etmirdi. O bir natiq kimi zəngin söz ehtiyyatına malik olduğunu nümayiş etdirdi. Danışarkən duruxmaz, söz axtarışında olmaz, nitq söyləyərkən söz və ifadələrin  təkrarına yol verməzdi. Düzgün seçilən nitqi təsirli idi.  Onun nitqi estetik cəhətdən gözəl idi, çünki, çıxışı zamanı ifadəlilik vasitələri yerində işlədilirdi. Leksik və farazeoloji sinonimlər, nidalar, müraciətlər, ritorik suallar yerli-yerində idi. Bir Ölkə Başçısının kamil nitq siyasəti nümayiş etdirməsi üçün bu məziyyətlərin olması vacibdir və qürur hissi ilə deyə bilərik ki,  bu İlham Əliyevdə var. İlham Əliyevin Azərbaycan dilində çıxışları gənc nəslin ana dilinə sevgisini və hörmətini gücləndirir.

Dilimizi təbliğ etmək və ondan düzgün istifadə etmək hər bir Azərbaycanlının borcudur. Ana dilimizin gözəlliyini, onun poetik gücünü və tarixini yad etmək və gələcək nəsillərə ötürmək çox vacibdir.  

Bu gün doğma ana dilimizi qoruya bilmişikmi sualına cavab axtarsaq demək olar ki, bu çox önəmli və düşündürücü bir sualdır. Qısa olaraq deyim ki,  tam şəkildə qoruya bilməmişik, amma buna baxmayaraq son dövrlər ciddi səylər də mövcuddur.

Dilə yad ünsürlərin təsiri həddindən artıq çoxdur. Son dönəmlər alimlərimiz belə aşırı dərəcədə terminlərdən istifadə edirlər. Bunu həm nitqlərində həm də elmi mətnlərində istifadə edirlər. Bu bir alimin savadlı olması anlamına gəlməz. Əksinə onun nitqini dinləyici tərəfindən dinlənilməz və yaddaqalmaz edir. 

Digər məsələ isə texnologiya və sosial medianın sürətli inkişafı nəticəsində xarici, xüsusilə də ingilis və rus dilindən alınma sözlər dilimizə geniş şəkildə daxil olmasıdır. Məsələn: “like etmək”, “komment yazmaq”, “post paylaşmaq”, “update eləmək”, “tağ etmək”, “Ok vermək” kimi sözlər artıq geniş yayılıb.

Gündəlik danışıqda insanlar çox zaman Azərbaycan dilində qarşılığı olan sözlər əvəzinə yad sözlərdən istifadə edirlər — bu da dilin orijinallığını demək olar ki, get-gedə zəiflədir. Burada dil qurumlarının da rolu olmalıdır. Və bu həm də böyük məsuliyyətdir.  AMEA və digər rəsmi qurumlar Azərbaycan dilinin qorunması üçün müəyyən işlər görür: terminlərin Azərbaycanlaşdırılması, lüğətlərin yenilənməsi və  Ancaq etiraf edək ki, bu təşəbbüslərin də bəzən müasir dövrə uyğun olmaması, gənc nəsil tərəfindən qəbul edilməsini çətinləşdirir. Ana dilinə bağlılıq əsasən məktəbdə və ailədə formalaşır. Amma bəzi hallarda ailələr uşaqlara rus və ya başqa dillərdə danışmağı üstün tutur. Məktəblərdə isə dilin öyrədilməsi bəzən quru qaydalarla məhdudlaşır, bu da marağın azalmasına səbəb olur. Azərbaycan dilində yazılmış keyfiyyətli ədəbiyyat, media və musiqi məhsulları dilin yaşamasına və inkişafına töhfə verə bilər.

Azərbaycan dili yad ünsürlərin təsirinə məruz qalsa da, hələ də canlı və zəngin bir dildir. Onu qorumaq hər birimizin ailənin, müəllimin, jurnalistin, yazıçının, məsuliyyətidir. Dilə sahib çıxmaq isə yalnız “yad sözləri çıxarmaqla” deyil, onunla düşünmək, yaratmaq, danışmaq və yaşamaqla mümkündür. Biz bilməliyik ki, danışdığımız dili yaşadırıq. Dil ünsiyyət qurulduqca yaşayır. Dilin qorunmasında bir çox problem mövcuddur və bu problemlər müxtəlif səbəblərdən qaynaqlana bilər.  Qloballaşma və dil assimilasiyası, rus və ingilis dili kimi dominant dillərin təsiri nəticəsində Azərbaycan dilinin istifadəsi azalır. İnsanların daha çox beynəlxalq dillərə üstünlük verməsi ana dilin unudulmasına səbəb ola bilər. Bu baxımdan dili rusdilli insanlardan qorumaq lazımdır. Azərbaycan dilini bəyənnməyib, doğma ana dilində danışmağa utananlardan, evlərdə ana dilində uşaqları ilə danışmayanlardan qorumaq lazımdır. Hətta mobil tətbiqlər, oyunlar, proqram təminatları və texnoloji vasitələr çox vaxt ana dildə mövcud deyil. Təəssüf hissi ilə qeyd edək ki, Şifahi ənənə itməkdədir. Ağız ədəbiyyatı, nağıllar, atalar sözləri və deyimlər nəsildən-nəslə ötürülmür. Analar, nənələr uşaqlarını laylalarla-bayatılarla böyütmürlər. Uşaqlara nağıllar oxunmur.  Müasir həyat tərzi bu ənənələrin zəifləməsinə səbəb olur. Xarici filmlər, seriallar və musiqilər orijinal dildə təqdim olunduqda, ana dil kölgədə qalır.

Dilin qorunmasında “Gələcəyə baxış” milli kimliyin, mədəni irsin və ictimai birlik hissinin davamlılığını təmin edən bir yanaşmadır. Gələcəyə baxış  Azərbaycan dilinin sadəcə qorunması deyil, dinamik inkişafı və rəqabətə davamlı kommunikasiya vasitəsi kimi gələcək nəsillərə ötürülməsi deməkdir. Bu yanaşma ilə dil təkcə keçmişin mirası deyil, gələcəyin inşasında aparıcı qüvvə ola bilər.

   İlhamə Qəsəbova

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Bizimlə oxuyun
Verified by MonsterInsights