.…Dünən orta məktəblərdə keçirilən imtahanlardan sonra şagirdlərin, valideynlərin və müəllimlərin fikirlərini dinlədim. Bəzi fənlər üzrə sualların çətin olması haqqında çox danışılırdı. Riyaziyyatın çətin olması müəyyən qədər başa düşüləndir. Bu, dəqiq elmdir və hər şagirdin ona eyni dərəcədə meyli olmaya bilər.
Amma bir məsələ insanı daha çox düşündürür: Azərbaycan dili ilə bağlı sualların çətin hesab olunması.
Axı bu dil bizim ana dilimizdir. Bu dil bizim evimizdə danışdığımız, tariximizi və ədəbiyyatımızı yaşadan dildir. Əgər şagirdlər üçün ana dilinin bəzi sözləri anlaşılmaz görünürsə, bu artıq bizi düşündürməlidir.
Məsələn, imtahanda “əntiq” və “əski” sözləri ilə bağlı sualların bəzi şagirdlər üçün çətin olduğu deyildi. Halbuki bu sözlər dilimizin zənginliyini göstərən sözlərdir. Dil yalnız yeni sözlər qəbul etməklə yaşamır. Dil köhnə sözlərini də yaşatmaqla güclü olur.
Bu gün bir problem də var: bizim dilimizin gözəl sözləri get-gedə az işlədilir. İşlədilməyən söz isə yavaş-yavaş unudulur.
Təəssüf ki, gənclərimizin bir hissəsi nə köhnə Azərbaycan filmlərinə baxır, nə də klassik yazıçılarımızın əsərlərini oxuyur. Halbuki 60–70–80-ci illərin filmlərində və kitablarında Azərbaycan dilinin ən saf, ən zəngin forması yaşayır.
Bu baxımdan gənclərimizə çox dəyərli bir əsəri xatırlatmaq istəyirəm:
Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərini.
Bu əsər sadəcə bir ədəbi nümunə deyil. Bu əsər dilin, milli kimliyin və düşüncənin qorunması haqqında böyük bir mesajdır. Bu kitabı oxuyan hər bir gənc dilin millət üçün nə qədər vacib olduğunu daha yaxşı anlayar.
Bəzən xaricdə yaşayan azərbaycanlıların danışdıqları bir hadisəni eşidirik. Onlardan biri deyirdi ki, Almaniyada telefonla Azərbaycan dilində danışarkən bir alman qadın ona yaxınlaşıb soruşub:
— Sən hansı dildə danışırdın?
O isə cavab verib:
— Azərbaycan türkcəsində.
Qadın isə deyib:
— Sən danışmırdın, sanki şeir deyirdin. O dil çox gözəl səslənirdi.
Bəlkə də biz öz dilimizin gözəlliyini bəzən başqalarının dilindən eşidəndə daha yaxşı anlayırıq.
Azərbaycan dili çox zəngin və melodik bir dildir.
Bu dili qorumaq üçün böyük işlərə ehtiyac yoxdur.
Sadəcə onu daha çox işlətmək, oxumaq və yaşatmaq lazımdır.
Bəlkə də yaxşı olar ki, hər birimiz vaxt tapdıqca klassik əsərlərimizə qayıdaq. Köhnə filmlərimizə baxaq. Gənclərimizə də belə kitabları tövsiyə edək.
Məsələn, “Anamın kitabı” kimi əsərlər dilimizin və düşüncəmizin necə qiymətli olduğunu bizə yenidən xatırladır.
Çünki bir həqiqət var:
Dilini qoruyan millət gələcəyini də qoruyur.
Avtandil SADIQOV