ABŞ 1991-ci ildən heç bir ölkənin şərtini (tələbini) qəbul etməyib, o yalnız öz tələblərinin qəbul olunması üçün danışıqlara gedib. Danışıqlarda tələbləri qəbul olunmurdusa, iqtisadi sanksiyalar və ya hərbi güc tətbiq etməklə istəyinə nail olurdu. Tramp da bütün ölkələrlə bu üsulla “danışıqlar” aparır. Hakimiyyətə gələn kimi Rusiya ilə də sanksiya, şantaj və hərbi güclə danışmağa başladı – alınmadı.
ABŞ-ın isə Rusiya ilə illərlə müharibə aparmağa gücü və vaxtı yoxdur – hər itirilən vaxt onu daha da zəiflədir.
Avropa müharibəsindən mümkün qədər tez çıxıb (mümkünsə, onu dondurub), bütün hərbi qüvvələri və resurslarını ölkə daxilinə və Çin ətrafına toplamaq lazımdır.Buna görə də Tramp ABŞ daxilində neokonların, ultraqlobalistlərin, ölkə xaricində Avropa ölkələri və Ukraynanın etirazlarına baxmayaraq, Putinlə təkbətək danışıqlara getməyə qərar verib. Əslində, danışıqların bu formatı artıq Rusiyanın ilk tələbinin qəbulu deməkdir. Niyə?
Rusiya əvvəldən deyirdi ki, o Ukrayna ilə yox, Ukrayna torpağında NATO ilə vuruşur. NATO-nun isə beyni və əzələsi ABŞ-dır. Ukrayna danışıqların subyekti ola bilməz, çünki o strateji məsələlər üzrə qərar verən deyil. Qərarı ABŞ verir, Ukrayna isə icra edir. 2022-ci ilin martında imzalanmış İstanbul razılaşmasının bir neçə gün sonra Baydenin tapşırığı əsasında Kiyevə gəlmiş Britaniyanın baş naziri Boris Consonun “əmri” ilə zibilliyə atılması da son qərarın kimə məxsus olduğunun bariz nümunəsi idi. ABŞ Rusiya və Ukrayna arasında vasitəçi ola bilməz, çünki o bu müharibədə əsas tərəflərdən biridir. Rusiya Ukrayna müharibəsi üzrə qərar vermə səlahiyyəti, imzalanan sənədə riayət etmə gücü olan tərəflə danışıqlar masası arxasına otura bilər. Bu isə nə Ukraynadır, nə Aİ, nə də Britaniya (onlar ABŞ-ın “çaldığı havaya oynayırlar”). Danışıqlar masası arxasında Rusiya yalnız ABŞ-la otura bilər. ABŞ Rusiya ilə Ukraynanı danışıqlar masası arxasına oturtmaq üzrə 3 uğursuz cəhddən sonra Rusiyanın bu şərtini qəbul etməyə məcbur oldu. İndi baxaq, Ukrayna ilə bağlı Rusiyanın hansı tələbləri var.
Bu tələbləri Putin özü bəyan edib və onlar 02.06.2025 tarixli İstanbul danışıqlarının 2-ci raundu zamanı yazılı memorandum şəklində Ukrayna tərəfinə və ABŞ-a təqdim olunub. Memorandumda əsas tələblər bunlardır (tam mətni rəy bölməsindədir):
Ukrayna qüvvələrinin DXR, LXR, Zaporojye və Xerson vilayətlərinin ərazilərindən çıxarılması və onların Rusiya sərhədlərindən tərəflərin razılaşdığı məsafəyə qədər geri çəkilməsi;
Ukraynanın neytrallığı və hərbi ittifaqlara qoşulmaqdan imtina etməsi;
Ukraynada digər dövlətlərin hərbi fəaliyyətinə qadağa qoyulması;
Ölkənin qeyri-nüvə statusu;
Ukrayna Silahlı Qüvvələrində say tərkibinə hədd (limit) qoyulması;
Krım, LXR, DXR, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya daxil olmasının beynəlxalq hüquqi tanınması;
Hərbi əməliyyatlardan dəyən zərərə görə maliyyə-iqtisadi tələblərdən qarşılıqlı imtina edilməsi;
Ukraynanın rusdilli əhalisinin hüquq və azadlıqlarının təmin edilməsi;
Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, nasizmin təbliğinin qadağan edilməsi;
Rusiya ilə Ukrayna arasında diplomatik və iqtisadi əlaqələrin (qaz tranziti daxil olmaqla), nəqliyyat və digər kommunikasiyaların, o cümlədən üçüncü ölkələrlə mərhələli şəkildə bərpası;
ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının ləğvi. Alyaska sammitində Ukraynadan başqa məsələlər də müzakirə olunmalıdır. Bunlar isə aşağıdakılar ola bilər:
NATO-nun Rusiya sərhədlərindən geri çəkilməsi;
Balkanlarda, Cənubi Qafqazda, Yaxın Şərqdə, Afrikada, Mərkəzi Asiyada və Tayvan ətrafında mövcud və potensial münaqişələr üzrə rolların razılaşdırılması (nüfuz dairəsinin bölgüsü);
Arktika sərvətlərinin birgə mənimsənilməsi (ola bilər, kiçik Avropa dövlətləri və Kanada ofsaytda saxlanılsın);
Strateji hücum silahların məhdudlaşdırılması üzrə müqaviləsinin yenilənməsi (2026-cı ildə müddəti bitir);
Yaxın və orta mənzilli raketlərdən istifadənin məhdudlaşdırılması müqaviləsinin yenidən bağlanmsı (2019-cu ildə ABŞ Trampın prezidentliyi dövründə birtərəfli qaydada bu müqavilədən çıxdı. Rusiya birtərəfli qaydada öhdəliklərinə sadiq qaldı və yalnız 2025-ci ilin avqustunda müqavilədən çıxdı);
Kosmik sahədə əməkdaşlıq;
Digər iqtisadi, siyasi və humanitar məsələlər.
Göründüyü kimi, danışıqlar masasında həddən çox məsələ ola bilər. Deməli, ya bu sammit 1 dəfə ilə bitməyəcək, ya da bu qədər məsələlər indiyədək gizli şəkildə tərəflər arasında razılaşdırılıb. Mən 1-ci ehtimala inanıram: növbəti sammitlər olacaq – əlbəttə, danışıqlar uğurla davam edərsə. Hərçənd onun uğurla davam etmə ehtimalı çox azdır – buna həm Britaniya, Aİ və başqa ölkələr mane olacaq, həm də Tramp sözünün üstündə duran adam deyil.
Götürək təkcə Ukrayna məsələsini. Məlumdur ki, şərti (öhdəliyi) qəbul etmək işin yüngül tərəfidir. Ağır tərəfi onun icrasına təminat verməkdir. Ukrayna ilə bağlı bütün tələblər çoxlu prosedurların işlənməsini və onların mərhələ-mərhələ icrasını tələb edir. Tramp öhdəsinə götürməlidir ki, Ukraynanı, Aİ-ni və Britaniyanı sonradan işlənəcək prosedurların icrasına məcbur edə biləcək. Bunu edə bilməyəcəksə və ya etməyəcəksə, onda onun nəyəsə qol çəkməsinin mənası yoxdur.
Rusiya Trampın psixologiyasını artıq yaxşı öyrənib. Eynisini ABŞ da Putinlə bağlı edir, amma son 3 ilin hadisələri göstərdi ki, onlar Putinin xarakteri ilə bağlı yanlış təsəvvürə malik imişlər…
Rusiya bilir ki, Trampla sənəd imzalmaq mənasız şeydir – bugünkü imzasından sabah imtina edə bilər. Buna çoxlu nümunələr var. Onda bəs niyə Rusiya bu danışıqlara gedir?
Ardı olacaq…
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi