Allahın “Sifəti-sübutiyyə” sifətlərinin bizdə olan əlamətləri

Qurani-Kərimin 119 ayəsində Allahın sifətləri haqqında qeyd edilmişdir. Yaradan Öz qüdrət və əzəmətini bizlərə tanıtmaq istəmişdir.
Allahın “Sifəti-sübutiyyə”-(sifəti-kəmaliyyə) sifətləri səkkiz keyfiyyətdən ibarətdir və bunlardan üçü: Qadir, Alim, Mürid sifətlərinin əlamətləri biz insanlarda vardır. Qalan beşində isə bizə çox şeyləri anladan hikmət və işarələr vardır: Həyy, Müdrik, Qədim, Mütəkəllim, Sadiq.
1.Qadir-“Sifəti-sübutiyyə”sifətinin xüsusiyyəti:

-Allah Qadirdir, yəni qüdrət sahibidir. İnsan əqlinə gələn və gəlməyən hər bir şeyi icad edə bilər, bir şərtlə ki, o şeylərin vücuda gəlməsinin bir hikməti olsun.
Bu haqda Quranda buyurulur:
“Əl-Maidə-120-Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur, Allah hər şeyə qadirdir.”
Qadir sifətinin bizdə olan əlaməti:

-Bizi faili- muxtar yaratmasıdır. Yəni, bizə bəxş etdiyi bədəni,əzalarla birlikdə öz ixtiyarımıza buraxmış və biz istədiyimiz kimi yaşayırıq. Bizim ən böyük imtahan və böyük sınağımız da elə özümüzü, həqiqətən də, faili –muxtar bilməyimizdir. Əslində isə bütün ruh, bədən, həyat və axirətimizlə Qadir Allahın nəzarət, əmr və hökmü altındayıq.
2.Alim:“Sifəti-sübutiyyə”sifətinin xüsusiyyəti:

Allah-Alimdir, yəni elmlidir. Həm də Onun elmi insanların elmi kimi deyildir. Allahın elmi özündəndir.Allah bütün mövcüdatı bilir, bütün məxluqatı elmi ilə tanıyır, nə yerdə nə də göydə, heç bir şey Onun elminin xaricindən çıxmaz.
Alim-sifətinin bizdə olan əlaməti:

-Alim-Allahın bizə verdiyi əql və şüurdur ki, bu da bildiyimiz kimi ruhumuza bəxş edilmiş əzəl və əbədi nemətdir.
3.Mürid:“Sifəti-sübutiyyə”sifətinin xüsusiyyəti:

-Allah idarə edəndir, yəni Allah yaratdığı şeylərin xeyrini və lüzumunu məsləhət bildiyi üçün vücuda gətirib, yaratmadığı şeyləri isə Kainata və insanlara xeyri olmadığı üçün vücuda gətirməyib. Bütün felləri idarə edən odur, çünki bütün canlılar Allahın iradəsi ilə hərəkət edir.
Qurani-Kərimdə bu haqda belə buyurulur:
-Əl-Bəqərə-29-“O hər şeyi haqqı ilə biləndir. Ey İnsanlar!Uca Allah yer üzündə hər nə varsa, hamısını sizin istifadə edə bilməniz üçün yaratdı, vücuda gətirdi və onlardan istifadə etməniz üçün sizə qabiliyyət verdi. Onun hər yaratdığında elə faydalar, hikmətlər vardır ki,bunların tamamını yalnız O özü bilir.”
Mürid-sifətinin bizdə olan əlaməti:

-Qəza-qədərimizi əvvəldən yazan Adil Allah, bizə ağıl-şüur, sərbəst hərəkət və seçim qabiliyyəti verməsidir. Əməl və niyyətimizə görə də qəza-qədərimizi dəyişdirməyə qadir olduğunu bildirərək, bizi faili-muxtar etməsidir.
4.Həyy-“Sifəti-sübutiyyə”sifətinin xüsusiyyətləri:

-Allah-taala Həyydir, yəni diridir. Allahın diri olması canlıların diri olması kimi deyildir.Allahın diri olmadığı vaxt olmayıb, gələcəkdə də olmayacaq. Elm və qüdrəti olan bir zatın diri olması istər-istəməz labüddür.
Qurani-Kərimdə bu haqda belə buyurulur:
“-Əl-Bəqərə-255-O,nə mürgüləyər, nə də dərin yuxuya dalar.
Həyy-sifətinin hikmətləri və əlaməti:

-Bu sifətin əzəmət və böyüklüyünü müqayisə etmək və özümüzün həqiqətən də yalnız Allahın yaratdığı bir varlıq olduğumuzu hiss etmək üçün açıq-aydın bir dəlildir. Hər gecə bizi öldürüb, səhər yenidən dirildən Allah bunu hər gün bizə xatırladır ki, Mən sizi istədiyim vaxt öldürüb, istədiyim vaxt da diriltməyə qadirəm.
Heyy sifətinin əlaməti isə bizə bəxş edib, əmanət verdiyi ruhun daim oyaq olmasıdır (-bu haqda yuxu mövzusunda açıqlama verilib).
5.Müdrik-“Sifəti-sübutiyyə”sifətinin xüsusiyyətləri:

-Allah dərk edən və hər şeyi biləndir. Onun insanlar kimi duyğu üzvlərinə ehtiyacı yoxdur. Dərk etmək onun zatındadır. O, hər şeydən xəbərdardır, ona gizli qalan heç bir şey yoxdur.
Müdrik-sifətinin hikməti:

-Uca Allahın bizlərə bütün duyğu üzvlərini bəxş edib,bunları öz ixtiyarımıza vermişdir. Bununla belə, onların həvəs və hallarını, fitnə və fəsadlarını, rəzalət və xislətlərini, qəzəb və cihadını, niyyət və mətləbini bizdən də yaxşı tanıdığını bildirir. Həmçinin Şeytanı da bu duyğu üzvlərinə müsəllət edərək, daima bunlarla bizi imtahan etdiyini də xəbərdar edir və bütün bunların fitnələrindən qorunmağın da yolunu öyrədərək, yalnız Onu çağırıb, yalnız Ona sığınmağımızın nicat yolu olduğunu bizlərə bildirir.
6.Qədim -“Sifəti-sübutiyyə”sifətinin xüsusiyyəti:

-Həm əzəli, həm də əbədi olan şeyə qədim deyirlər. Qədim-keçmişdə, hazırda və gələcəkdə yox olmayandır. Allah hər şeydən əvvəl var imiş, kainatı yaradıb, axırda hər şeyi yox edib axıra qalacaq və onun olmayan vaxtı olmayacaq. Vacibül-vücud, yəni vücudu vacib olan,yox ol­ması mümkün olmayan yalnız Allahdır.
Qədim-sifətinin işarə və hikməti:

Allahın bu sifətinin xüsusiyyəti: bizi lap qədimdən, hələ heç Adəmi yaratmamışdan da qabaq yaxşı tanıdığını, həyatda yaşadığımız zaman şah damarımızdan da yaxın olub,qəza-qədərimizin də əlində olduğunu,ölüm və axirətimizin də harada olacağını bilən, yalnız Özüdür. Yox olması mümkün olmayan yalnız Allahdır.
7.Mütəkəllim-“Sifəti-sübutiyyə”-Yəni Allah danışandır. Onun danışmaşı insanların danışmağı kimi deyildir. Bu o deməkdir ki, O danışıq yaradır,sözlər, kəlmələr xəlq edir.
Mütəkəllim-“Sifəti-sübutiyyə”sifətinin işarəsi;

Allahın bizə bəxş etdiyi danışmaq, fikirləri bəyan etmək xüsusiyyətimizin olmasıdır.
8.Sadiq-“Sifəti-sübutiyyə”-sifətinin xüsusiyyəti:

-Yəni Allah doğruçudur, ondan yalan vəd gözləmək olmaz, onun şəninə heç layiq də deyil. Çünki yalan ya acızlikdən, ya da ehtiyacdan irəli gəlir. Bu sifətlər isə onda yoxdur. Odur ki, Allaha yalan nisbət vermək, onun haqqında zülmdür.
Sadiq-sifətinin hikmətləri: Qurani-Kərimdə bildirdiyi:

-Yaranışımız, ruhumuz, həyatımız, ölüm, bərzax aləmi, yenidən dirilmək, Məhşər, Sirat, Cənnət, Cəhənnəm və onlarda baş verənlər haqqında xəbərlərin, vədlərin haqq olduğunu bilməkdir. Bunlara inanmamaq isə Yaradana qarşı üsyandır. Çünki Allah vədinə sadiqdir.”

Mənzər AĞAYEVA

İlahiyyatçı

Verified by MonsterInsights