ElAZ.İNFO xəbər verir ki, Rusiya Dövlət Dumasının bir qrup deputatı spirtli içkilərin etiketlərinə alkoqolun fəsadlarını əks etdirən qorxuducu təsvirlərin əlavə edilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Təklif tütün məmulatlarında tətbiq olunan uğurlu təcrübənin alkoqol sektoruna da köçürülməsini hədəfləyir.
Dövlət Dumasının Əmək və Sosial Siyasət Komitəsinin rəhbəri Yaroslav Nilovun sözlərinə görə, bu üsul ağır alkoqol aludəçilərindən daha çox, “tərəddüd edən” kütləyə təsir etmək üçün nəzərdə tutulub:
Xərçəngdən zədələnmiş orqanların şəkli bəlkə də xroniki alkoqoliklər üçün maraqlı olmayacaq. Lakin bu, hamilə qadınlar, yeniyetmələr və vaxtaşırı içki qəbul edənlər üçün bir ‘şok terapiyası’ effekti yarada bilər. İnsanlar konkret riskləri vizual olaraq gördükdə seçimini daha şüurlu edirlər.
Layihənin digər müəllifi, deputat Dmitri Svişşev bildirib ki, vizual informasiya mətndən daha təsirlidir. O vurğulayıb ki, dövlətin vəzifəsi vətəndaşın seçiminə müdaxilə etmək deyil, ona doğru qərar vermək üçün lazım olan bütün həqiqətləri göstərməkdir:
Biz sağlam və şüurlu bir cəmiyyət qurmaq istəyirik. Bu, kiminləsə mübarizə deyil, gələcək nəsil naminə edilən bir yatırımdır. Qoy seçim şüurlu olsun. Təklif olunan dəyişikliklər “Etil spirti və alkoqollu məhsulların istehsalı və dövriyyəsinin dövlət tərəfindən tənzimlənməsi haqqında” Federal Qanuna (11-ci maddə) əlavə edilməlidir. Əgər qanun qəbul olunsa, alkoqol istehsalçıları butulkaların üzərinə qaraciyər sirrozu, ürək qüsurları və digər ağır fəsadların fotolarını yerləşdirməyə məcbur olacaqlar.
Ruslan MƏMMƏDOV