ELAZ.İNFO xəbər verir ki, Avropa İttifaqı iyunun 6-dan etibarən Ukraynadan bəzi malların, o cümlədən kənd təsərrüfatı məhsullarının idxalına rüsumları əhəmiyyətli dərəcədə artıra bilər. Bu barədə Financial Times (FT) öz mənbələrinə istinadən yazıb.
Onların məlumatına görə, qərar qüvvəyə minərsə, qarğıdalı, şəkər, bal və quş əti zərər görəcək. Brüssel əvvəllər rüsumsuz olan bir neçə mal üçün tarif məhdudiyyətləri tətbiq edəcək. Mövcud ödənişlər “əhəmiyyətli dərəcədə artırılacaq”.
FT aydınlaşdırır ki, Avropa Komissiyası Kiyevlə yeni ticarət sazişi üzrə danışıqlar aparır, lakin eyni zamanda azad ticarətdən proteksionist tədbirlərə keçid üzərində işləyir.
Məlumat üçün bildirək ki, Kiyevin çətinlikləri 2025-ci il yanvarın 1-dən altı ay müddətinə Aİ Şurasına sədrlik edən Polşa ilə fikir ayrılıqları səbəbindən yaranıb. Aprelin 10-da Brüsseldə keçirilən Aİ-Ukrayna biznes forumunda çıxışı zamanı Polşanın Avropa məsələləri üzrə naziri Adam Szlapka bəyan edib ki, Avropa İttifaqı Ukraynanın ticarət seçimlərini iyun ayına qədər uzatmamaq barədə yekun qərar qəbul edib.
Dərin və Hərtərəfli Azad Ticarət Zonası sazişi 2016-cı ildən Aİ ilə Ukrayna arasında qüvvədədir və bu, Aİ-nin səkkiz il ərzində Ukrayna ixracının əhəmiyyətli həcmlərinə tarifləri saxlamağa mane olmayıb. 4 iyun 2022-ci il tarixindən etibarən Aİ Ukraynanın Aİ ölkələrinə ixracına qoyulan rüsumları bir il müddətinə ləğv etdi, lakin sonra bu güzəştin müddətini uzadıb.
İlahə BAYINDIR