ELAZ.İNFO xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev Avropanın enerji siyasəti ilə bağlı mühüm bəyanatla çıxış edib.
Dmitriyev bildirib ki, Avropa İttifaqının Rusiya neftinə qarşı tətbiq etdiyi sanksiyaları dayandırması “müdrik bir seçim” olardı. O, sosial şəbəkə hesabında etdiyi paylaşımda bu addımın hazırda siyasi baxımdan çətin göründüyünü, lakin gələcəkdə iqtisadi reallıqlar fonunda qaçılmaz olacağını vurğulayıb: “Bu, müdrik bir seçim olardı. Bəlkə indi daxili siyasət üçün çətindir, amma gələcəkdə mütləq baş verməlidir”.
Qeyd edək ki, Dmitriyev bu fikirləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun çağırışına cavab olaraq səsləndirib. Siyarto bəyan etmişdi ki, Avropa İttifaqı ABŞ-ın bəzi qərarlarından nümunə götürməli və enerji bazarında qiymət artımının, həmçinin defisitin qarşısını almaq üçün Rusiya neftinə qarşı sanksiyaları dondurmalıdır. Hazırda Avropada enerji resurslarının qiymətinin yüksək qalması fonunda Budapeşt və Moskva arasında iqtisadi əməkdaşlığın bərpası mövzusu Aİ daxilində ciddi müzakirələrə səbəb olur.
Ruslan MƏMMƏDOV