Ağdam, Tofiq İsmayılov küçəsi. Birinci foto 1992-ci ildə, ikinci isə 1993–cü ilin iyulunda çəkilib. Binamız yanır.
Görünən binanın 4-cü mərtəbəsi mənim evimidir. 4 +1 otaqlı evimiz. Telefon nömrəmiz 6-31-66 idi.
Şükür bu günə. Azərbaycan xalqının sayəsində, Ordumuzun sayəsində və Baş Komandanın iradəsi nəticəsində Ağdam daha azaddır və gələn ildən torpaqlarımıza qayıtmaq şansımız yaranıb..
İnşəallah Ağdama qayıdacam və ömrümün qalan ilini orda yaşayacam və sizlər, əziz insanlar Ağdama gələndə ilk mənə zəng edib qonağımız olacaqsınız…
Bütün Azərbaycan xalqına, şəhər və rayonlar, kənd və qəsəbələrində bizə qucaq açan və 27 il bizimlə eyni ağrını çəkən hər kəsə təşəkkür edirəm. 20 noyabr Ağdam günüdür. Mənim günümdür. Azad olunma günüdür və xalqımızın sayəsində biz daha məcburi köçkün deyilik.
Əziz Şəhid ailələri, əziz qazi və veteran ailələri haqqınızı halal edin. Biz sizlərin borcundan çıxa bilməyəcik əsla. Söz, o dünyaya gedəndə Tanrıya sizlərə minnətdar olduğumu deyəcəm.
Əziz Azərbaycan xalqı, əziz dostlar. Sizin Ağdamda bir eviniz artıq var. Dost evi. Mənim evim. Qonaq yox öz evinizə gəlirsiniz kimi düşünün daha. Daha müharibə olmasın, daha torpaqlar işğal olmasın, daha heç kim öz yurd yuvasından uzaq qalmasın..
Ağdam günümüz mübarək
Zaur Əliyev
