AĞASƏF İMRAN: -“Özünü tez yetir, gəl, səni görüm!”

Ağasəf Məmməd oğlu İmran  15 yanvar 1942-ci ildə Masallı rayonunun Əhmədli kəndində anadan olmuşdur.

İqtisadçı alimdir. İqtisadiyyat və idarəetmə üzrə 150-dən çox elmi əsərlərin – məqalə, tezis, proqram, metodik  vəsait, dərslik və kitabların müəllifidir.

Onun “Qönçə çələngi“ adlı ilk şeirlər kitabı 2000-ci ildə «Gənclik» nəşriyyatında  işıq üzü görmüşdür. Həmçinin, “Rübailər” (Bakı, «Sabah», 2006;2010;2015;2021), «Arzunamə-1 və -2» (Bakı, «Naşir», 2006; 2012) və “Qəzəllər“ (Bakı, «Azərnəşr», 2008),”Bayatılar”(Bakı, «Naşir», 2012) “Ümid” (Bakı, «Naşir», 2012) və “Qəlbimin harayı” (Bakı, «Naşir», 2012),“Biganəlik” (Bakı, ADNA, 2013),”Reallığa baxışlarım” (Bakı, «Naşir», 2016) və ”Fani dünya” (2017; “Həyatnamə”( Bakı, Turxan ,2021), kitabları nəşr olunmuşdur

AY  QOCA!

Yaş  ötüb,  əldən düşübsən,

Taqətdən, dildən düşübsən,

Bəmin var, zildən düşübsən,

Kədərsən, “ax“san, ay qoca!
Var  ikən  yoxsan, ay qoca!

***  *   ***

Həyatının yazı gedib,

Növrağının nazı gedib,

Xörəyinin  duzu gedib.

Yeməmiş toxsan, ay qoca!

Var ikən yoxsan, ay qoca!

***  *   ***

Canında var yüz xəstəlik,

Yata  bilmirsən üstəlik,

Rəftarında   ahəstəlik,

Səhhətdə laxsan, ay qoca!

Var ikən yoxsan, ay qoca!

***  *   ***

Oğlun- qızın ocaq olub,

Evlərinə  uşaq  dolub,

Nəvələrin  uzaq qalıb.

Onlara çoxsan, ay qoca!

Var ikən yoxsan, ay qoca!

***  *   ***

Həyat yükün götürübən,

Ömrü başa  yetiribsən,

Nəyin  varsa itiribsən,

Aləmə yüksən, ay qoca!

Var ikən yoxsan, ay qoca!

***  *   ***

Ağasəfin tay – tyuşusan,

Öz  evinin bayquşusan,

Doğmalara  göz yaşısan,

Yaxındır ehsan , ay qoca!

Var ikən yoxsan, ay qoca!

***  *   ***

 

 

          BİLMƏZ

Heç bir cavan qoca qədər,

Həyat qədrin bilə bilməz!

Günlərini  verər hədər,

Saat  qədrin bilə bilməz!

 

Qoca daim müdrik olar,

Varlığından sevinc alar.

Taqət  itər, vücud qalar,

Ömür yükün şələ bilməz.

 

Cavan coşar, vurub-tutar,

Kədərin sevincə qatar

Bilmədiyi işdən tutar,

Öhdəsindən gələ bilməz!

 

Bu  həyatda bir qanun var,

Qoca  yerin  cavan tutar.

Var-dövlət də gəncə çatar,

Amma  ömrü bölə bilməz.

 

Gənclik-qocalıq vəhdətdir,

Qocaya  hörmət adətdir,

Qoca  ömrü bir ibrətdir,

Heç kim onu  silə bilməz.

 

Qocanın işi qayğıdır,

Cavanın işi sayğıdır,

Cavan qoca dayağıdır,

Onsuz qoca gülə bilməz.

 

Nə  qədər ki, bu həyat var,

Ondan dərs alar adamlar

Qoca  cavana  görk  olar,

Heç vaxt onu kölə bilməz.

 

Həyat istər qəm əndərsin,

Qocanı  gora  göndərsin.

Qoca  isə “həyat dərsin”

Öyrətməmiş ölə bilməz!

 

  GƏL, SƏNI  GÖRÜM!

( Nisgil nəğməsi  )

A dostum, qocalıb əldən düşmüşəm,

Özünü tez yetir,  gəl, səni görüm!

İtibdir  taqətim, dildən düşmüşəm,

Özünü tez yetir,  gəl, səni görüm!

***  *   ***

Köçüblər həyatdan atam, həm anam,

Dünyanın oduna yanmış büryanam,

Əriyib  əndamım, quru bir canam

Özünü  tez  yetir,  gəl, səni  görüm!

***  *   ***

Axirətə  köçüb  bacım, qardaşım,

Dəyişib  dünyasın həyat yoldaşım

Azalır  günbəgün  ömür sirdaşım,

Özünü  tez  yetir, gəl, səni görüm!

***  *   ***

Gəzməyə, görməyə bir taqətim yox,

Duruş gətirməyə dəyanətim yox,

Cismim yüngülləşib, kədər yüküm çox,

Özünü tez yetir, gəl, səni görüm!

***  *   ***

Xəyalım göylərin yeddi qatında,

Çapıram  məzara  əcəl  atında,

Bu üzgün ömrümün son saatında

Özünü tez yetir, gəl, səni görüm!

***  *   ***

Bu fani dünyadan doyan olmayıb,

Heyif ki, həyatın dadı qalmayıb,

Hələ ki, Əzrayıl canım almayıb,

Özünü tez yetir, gəl, səni görüm!

***  *   ***

TURANIN  TUTDUĞU  YOL   

Yüksələn  Turanın  yolu,

Tanrı  və  Quran yoludur!

Türk oğlunun tutduğu  yol,

Yaradan – quran  yoludur!

 

Bu  yol – Sultan  yoludur!

Padişah, Xaqan yoludur!

İmperator, Xan  yoludur!

Zəfər, şərəf-şan yoludur!

 

Bu yol – ədalət  yoludur!

Bağımsız  dövlət  yoludur!

Milli  dəyanət  yoludur!

İgid – qəhrəman yoludur!

 

Bu yol – sərvət  yoludur!

İnsaf,  səxavət  yoludur!

Cəsarət,  qeyrət  yoludur!

Ədalət,  vicdan  yoludur!

 

Bu yol – din, iman yoludur!

Barışıq,  aman  yoludur!

Gələcək,  zaman yoludur!

Ucalıq – azman yoludur!

 

Bu  yol – Allah  yoludur!

Bəşərin  sabah  yoludur!

Türkün intibah yoludur!

Kainat – Cahan yoludur!

 

Bu  yol –Turanın yoludur!

Yeni Dünyanın yoludur!

Cahanda  qazanar  uğur!

Hər türk üçün can yoludur!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir