Ağ Evdə Putin və Trampın birgə fotosu asıldı: Alyaska sammitindən yeni xatirə

ELAZ.İNFO xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın Alyaskanın Ankoric şəhərində keçirilmiş sammit zamanı çəkilmiş birgə fotoşəkili Ağ Evdə yerləşdirilib.

Məlumata görə, fotoşəkil Ağ Evin əsas binası ilə Qərb qanadı arasındakı keçid hissədə yerləşən “Palma otağı”nda (Palm Room) asılıb. Jurnalistlərin bildirdiyinə görə, həmin şəklin yanında Trampın nəvələrindən biri ilə çəkilmiş fotosu da var. Bu otaq Ağ Evdə yeni təmirdən çıxmış və jurnalistlərin sərbəst girişinin olmadığı xüsusi bir sahədir.

Qeyd olunan foto, ötən ilin avqustunda Trampın jurnalistlərə nümayiş etdirdiyi şəkildir. O zaman ABŞ prezidenti zarafatla bildirmişdi ki, bu şəkildə Putin “yaxşı”, özü isə “normal” düşüb.

Xatırladaq ki, Putin və Tramp arasında tarixi görüş 15 avqust 2025-ci il tarixində Alyaskadakı “Elmendorf-Riçardson” hərbi bazasında baş tutub. Üç saata yaxın davam edən danışıqlar zamanı liderlər həm təkbətkə, həm də nümayəndə heyətlərinin iştirakı ilə Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmişdilər.

Həmin görüşdə Rusiya tərəfindən xarici işlər naziri Sergey Lavrov və köməkçi Yuri Uşakov, ABŞ tərəfindən isə dövlət katibi Marko Rubio və xüsusi elçi Stiven Uitkoff iştirak edirdi. Sammitdən sonra Putin münasibətlərdə yeni səhifə açmağa çağırmış və Trampı Moskvaya dəvət etmişdi.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights