Bu yaxınlarda Penitensiar xidmətdə uzun illər rəhbər vəzifələrdə işləmiş yaşlı bir zabit mənə elə bir hadisə danışdı ki, sanki təkcə bir xatirə yox, bütöv bir dövrün tərbiyəsi, bir nəslin mərdlik anlayışı gözümün önündə dirçəldi.
Söhbət mərhum Ədliyyə polkovniki Çingiz Əmirovdan gedirdi. 1993–1996-cı illərdə Ədliyyə Nazirinin müavini, MQİBİ-nin rəisi, “Qara Volqa” filmində məsləhətçi, nəhayət, 1996-cı ildə xidmət başında vəfat etmiş bir rəhbərdən… Onun haqqında danışan hər kəsin səsində bir qəribə qürur, bir kövrək hörmət duyulur. Heç kim onu təkcə vəzifəsinə görə xatırlamırdı, insanlığın, mərdliyin, vicdanın simvolu kimi xatırlayırdı.
Bir gün Çingiz müəllimin oğlu idarəyə bir məsələ ilə bağlı müraciət edir. O zaman xidmətin rəisi Milli Qəhrəman Mədət Quliyev idi. Məruzə edən əməkdaş hələ sözünü bitirməmiş Mədət müəllim qətiyyətlə deyir: — Dərhal qəbul edin. Lazım olan hər bir köməyi göstərin. Onun atası bu xidmətin şərəfli rəhbərlərindən biri olub.
Gənc qəbul otağına daxil olanda rəhbərlərdən biri ayağa qalxır. Məsələ qısa zamanda həll olunur. Gənc təşəkkür edib getmək istəyəndə rəhbər sakitcə, amma sanki illərin ağırlığını bir cümləyə sığışdıraraq deyir: — Ay qardaş oğlu… Biləsən, sən adi bir insanın yox, Çingiz Əmirov kimi mərd bir kişinin övladısan. Bu ad sənə ən böyük mirasdır.
Bu söz o otağın havasını dəyişir. Sanki həmin anda Çingiz müəllimin özü də orada idi, bir kölgə, bir qürur, bir əmanət kimi… Otaqdakı hər kəs hiss edir ki, əsl insanın var-dövləti nə ev-eşikdir, nə rütbə, nə də əmlak. Əsl sərvət insanın qoyub getdiyi addır. O addan gələn hörmətdir. O adda gizlənən xatirədir.
Çingiz Əmirovun adı illər keçsə də solmayıb. Onu tanıyan da, heç tanımayan da bircə kəlmə ilə təsvir edir: “Kişi adam idi.” Bu söz təsadüfən deyil, ömür boyu mərdliklə qazanılan bir ünvanın ifadəsidir.
Həyatın ən böyük imtahanı budur ki, insan dünyadan gedəndə adının yerində boşluq qalmasın, işığı sönməsin. Övladı bir qapı döyəndə ona da belə desinlər: “Sən kişi, kişinin övladısan.”
Allah bizə elə bir ömür qismət etsin ki, övladlarımız bizim adımıza yük yox, şərəf kimi sahib çıxsınlar. Biz olmadıqda belə, bir kəlməlik hörmət onlara yol açsın.
Əli İbrahimov