Adam əvvəlcə özünü idarə etməyi bacarmalıdır

Bir gün işə gələndə rəisin otağının qarşısında bir cavan oğlan gördüm. Dərhal anladım ki, bu, yeni gələn işçidir. Üst-başı səliqəli, görünüşü ciddiydi, bir az da deputat havası vardı. Zarafatla dedim “Sən lap deputata oxşayırsan, sənin yerin bura deyil, Milli Məclisdir.” Təəssüf ki, elə bu sözlə onun gerçək siması da ortaya çıxdı. O gündən sonra həmin gənc artıq hamıya yuxarıdan baxmağa, özünü “böyük adam” kimi göstərməyə başladı. Deyirdi ki, “mənim yerim bura deyil”, gah deputatlığa hazırlaşırdı, gah da deyirdi, “mən icra başçısı olacam.” Ətrafındakı “lotular” da ona “qaz” verirdi, o da bu təriflərin havasına düşüb reallığı itirdi. Nəticə? O qədər qazlandı ki, axırda işindən də oldu.

Belələri çoxdur, savadı, qabiliyyəti, dünyagörüşü olmayan, amma özünü zirvədə görən adamlar. Onları tərifləyənlər də məsuliyyət daşıyır, çünki yalançı tərif bir insanı uçuruma aparır. Unutmaq olmaz ki, böyük olmaq üçün kreslo yox, ağıl, ədalət və vicdan lazımdır. İdarəçilik iddiasında olan adam əvvəlcə özünü idarə etməyi bacarmalıdır.

Əli İbrahimov

Bizimlə oxuyun
Verified by MonsterInsights