“ACI DƏRMANLARI” VƏ ETN-İN ŞİRİN YALANLARI

ELAZ.İNFO xəbər verir ki,təcrübəli təhsil mütəxəssisi Şəmsi Qoca öz Facebook profilində ” İLHAM ƏHMƏDOVUN “ACI DƏRMANLARI” VƏ ETN-İN ŞİRİN YALANLARI ” adlı yazı paylaşmışdır.

Yazını olduğu kimi diqqətinizə çatdırırıq.

Televizoru açanda, rəsmi hesabatları oxuyanda elə bilirsən təhsilimiz “Formula-1” sürəti ilə inkişaf edir. “Ekosistem”, “sinerji”, “rəqəmsal sıçrayış” – elə terminlər eşidirik ki, adamın lap oxumağı gəlir. Amma kənarda bir İlham Əhmədov var. Durub sakitcə bu parıltılı mənzərəyə baxır və cəmi bir neçə cümlə ilə bütün o “slayd bəzəklərini” darmadağın edir. İndi gəlin bir-bir baxaq, bu kişi bunun nəyini səhv deyir?
İlham müəllim deyir ki, ay qardaş, sən müəllimi sertifikasiya edirsən, amma ortada bir həqiqət var: Minlərlə müəllim öz ixtisasından elementar suallara cavab verə bilmir. Bu kişi bunun nəyini səhv deyir? Əgər 30 illik islahatdan sonra riyaziyyat müəllimi adi tənliyi həll edə bilmirsə, günah müəllimdədir, yoxsa onu o vəziyyətə salan sistemdə? Üstəlik, Təhsil İnstitutu oturub 80 mindən çox qəliz, mürəkkəb və tədris prosesinə heç bir aidiyyəti olmayan test hazırlayıb. İlham müəllim də soruşur ki, bu qədər testlə müəllimi yoxlayırsınız, yoxsa onu intellektual terrora məruz qoyursunuz? Məktəbdə heç kimə lazım olmayan o qəliz suallar kimin marağındadır?
Ekspert deyir ki, universitetə 150 balla tələbə yığmaq, gələcəyin təməlinə dinamit qoymaqdır. Sual edirəm: Bu kişi bunun nəyini səhv deyir? 150 balla sabahın müəllimini, həkimini, mühəndisini “yetişdirib” sonra da “biz niyə texnologiya istehsal edə bilmirik?” deyə ağlamaq riyakarlıq deyilmi? Universitetləri diplom çap edən sexə çevirənlər, sabah o diplomlu savadsızlar divarımızı tikəndə, canımızı müalicə edəndə günahı kimdə axtaracaqlar? İlham müəllim deyir ki, bu, birbaşa milli təhlükəsizlik məsələsidir. Hə, nəyi səhvdir?
ETN “Süni İntellekt Akademiyası” quranda hamı əl çalır. Amma İlham müəllim gəlib soruşur: “Ay rəhmətliyin uşaqları, ibtidai sinifdə oxumağı, yazmağı, sadə məntiqi təfəkkürü itirən uşağa süni intellekt nə edəcək?”. Bu kişi bunun nəyini səhv deyir? Repetitorun yanında test mexanizminə çevrilən, yaradıcılığı ölmüş şagirdə rəqəmsal transformasiya nağılı danışmaq, elə bil təkəri olmayan maşına “naviqasiya” quraşdırmaq kimidir. Təkər yoxdur, təkər!
İlham müəllim durub bir müqayisə etdi, hamının bağrı çatladı. Dedi ki, “Qarabağ” futbol klubu ölkəyə bir mövsümdə 40 milyon dollar gətirir, bəs bizim o boyda Elmlər Akademiyası, universitetlər son 35 ildə ölkə büdcəsinə bir qəpik xeyir veribmi? Bu kişi bunun nəyini səhv deyir? Əgər elm iqtisadiyyatın sifarişini yerinə yetirmirsə, laboratoriyalar toz basmış muzeydirsə, elmi məqalələr ancaq rəfdə qalmaq üçündürsə, deməli, oyanmağın vaxtı çoxdan keçib. Futbolçudan qol istəyən cəmiyyət, alimdən niyə nəticə istəmir?
Ekspert deyir ki, elmi mərkəzlər olmadan, ciddi araşdırma aparmadan islahat etmək “ucuz ətin şorbası” kimi bir şeydir. Bu kişi bunun nəyini səhv deyir? Bizimkilər xaricdən gələn hər hansı modeli (məsələn, “PİSA” və ya “Kurikulum”) gətirib yerli şəraitə uyğunlaşdırmadan tətbiq edirlər, sonra da günahı kənd müəllimində axtarırlar. İlham Əhmədov isə deyir ki, əvvəl beyin mərkəzi qurun, rəqəmlərə baxın, xalqın dilini öyrənin.
Bu kişi bunun nəyini səhv deyir?

Şəmsi Qoca

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights