ABŞ Venesuela neftini ələ keçirtsə, neftin dünya qiymətinə ciddi təsir göstərə bilər. Bu halda aşağıdakı dilemma yaranacaq.
Siyasi şərhçi Asif Şəfəqqətov ELAZ.İNFO-ya bununla bağlı danışaraq bildirib ki, “ABŞ Venesuela “neft kranını” açsa, qiymətlər düşəcək. Bu, Rusiyaya ziyan olsa da, Çinin xeyrinədir. ABŞ-ın isə əsas rəqibi Çindir. ABŞ Venesuela “neft kranını” bağlasa, qiymətlər qalxacaq. Bu Çinə ziyan olsa da, Rusiyanın xeyrinədir. ABŞ-ın Rusiyanı gücləndirmək istəməsinə inanmıram. Amma belə düşüncə artıq ölməkdə olan mövcud dünya nizamı çərçivəsini aşa bilməməkdən yaranır. Bu çərçivədən kənara çıxsaq, başqa seçimlər də ola bilər. Məsələn, ABŞ neftə sahib olandan sonra onu birjalar vasitəsilə yox, ikitərəfli qiymət razılaşmaları əsasında sata bilər. Bu zaman neftin çoxu onda olduğundan istədiyi ölkəyə ucuz, istədiyinə baha sata bilər”.
Asif Şəfəqqətov bildirib ki, “Dünya onsuz da gec-tez makrozonalara parçalanacaq. ABŞ artıq Latın Amerikası üzərinə pəncələrini qoyub, Qrenlandiya və Kanadaya da iddia edir. L.Amerikası uğrunda ABŞ-ın müharibəsi uzun illər çəkəcək və ABŞ-ın onu ələ keçirə biləcəyinə inanmıram. Məncə, qısamüddətli uğurları ola bilər, lakin uzun müddətdə ABŞ məğlub olacaq. Demoqrafiya amilini də nəzərə almaq lazımdır”.
Siyasi şərhçi onu da qeyd edib ki, “Resurslarını və hərbi güclərini nəzərə alsaq, ABŞ, Rusiya və Çin ən potensial makrozonalardır. Amma Çin üçün yeni dünya nizamı daha çətin olacaq, çünki belə vəziyyət onun dünya fabriki kimi inkişafına mane olacaq. Hindistanın resurs potensialı haqda yaxşı məlumatım yoxdur deyə onun makrozona olma ehtimalını şübhəli sayıram. Digər makrozonalar hansı ölkələrin ətrafında formalaşacaq – yaxın 5 ildə bilinəcək. Ən pis vəziyyətə düşən Avropa makrozonası olacaq – onun resurs bazası yoxdur və başqa ölkələrin resurslarını ələ keçirmək üçün hərbi gücü də yoxdur. Deməli, o resursu olan makrozonalar arasında bölüşdürüləcək”.
Beləliklə, başqa ölkələrin resurslarına sahiblik uğrunda açıq müharibələrə start verildi.
İlahə BAYINDIR