ABŞ Venesuela hadisəsini daha hansı ölkədə təkrarlaya bilər?

Maduronun oğurlanmasında maraqlı bir detal var idi. Amerika mətbuatının yazdığına görə, onun ABŞ-ın hücumundan xəbəri olmayıb.

ELAZ.İNFO xəbər verir ki, o qədər gec xəbər tutub ki, bunkerə girməyə belə macal tapmayıb.

Ölkə ərazisinə 150-yə yaxın hərbi təyyarə və helikopterin daxil olmasından prezident necə xəbərsiz qala bilər? Venesuelanın sərhədindən paytaxt Karakasadək ən yaxın məsafə 600 km-dir. Hələ ölkənin dəniz sərhədi də var. Ölkə ərazisinə daxil olmazdan əvvəl və sonra təyyarə və helikopterlər HHM obyektlərinə raket zərbələri endirmişdilər. Yəni bu boyda hadisədən xəbərsiz qalmaq olardımı? “Black Hawk” helikopterinin kreyser sürəti 270-280 km/saat-dır. Belə çıxır ki, helikopter Karakasa çatmaq üçün azı 2 saat uçuş edib. Helikopterin səsindən, xüsusən də gecə vaxtı, qulaq tutulur. 2 saatdan çox müddət ərzində düşmən helikopterinin gəlməsi haqda prezidentin məlumatı olmayıb?!

Aydındır ki, bu xəyanətsiz baş verə bilməzdi. Sözüm onda deyil. Xəyanətkarlar Maduronu necə informasiya blokadasında saxlaya biliblər? Axı helikopterlərin ölkə ərazisinə daxil olduğunu adi adamlar da görə bilərdi. Yəni heç kim prezidentə müvafiq məlumatı çatdıra bilməzdi? Məncə, problem də məhz bundadır.

Fikrimcə, kritik vəziyyətlərdə real informasiyaya sahib olmaq bütün ölkə başçılarının zəif yeridir. Venesuela misalını götürək.

Maduroya hər adam telefonla zəng edib hansısa məlumatı verə bilməz. Dövlət başçısının kritik anlarda birbaşa məlumat aldığı bir neçə şəxs olur. Bunlar təhlükəsizlik xidmət(lər)inin rəhbəri, müdafiə naziri, prezident aparatının rəhbəri, vitse-prezident(lər), parlamentin sədri, baş nazir və başqaları ola bilər. Qalan bütün şəxslər ölkə başçısına məlumatı birbaşa yox, məhz həmin şəxslər vasitəsilə ötürə bilərlər. Məsələn, hər hansı kapitan və ya polkovnik sərhəd pozuntusunu aşkar edirsə, o, məlumatı birbaşa ölkə başçısına yox, iyerarxiya üzrə bir pillə yuxarı ötürməlidir. Yəqin ki, gecə vaxtı prezidentə məlumat vermək səlahiyyəti və imkanı olan şəxslərin sayı daha az olar.

Belə çıxır ki, ölkə başçısına birbaşa çıxışı olan bir neçə şəxs xəyanət şəbəkəsinə qoşularsa, onu tam informasiya blokadasında saxlamaq olar. Güman ki, Maduro da belə vəziyyətdə olub.

Venesuela hadisəsinin uğuru ABŞ-ı Kubada, İranda, Nikaraquada və başqa ölkələrində də eyni cür hərəkət etməyə sövq edir. Onsuz da Tramp deyir ki, mənim üçün beynəlxalq qanun-filan yoxdur, mənim üçün yeganə meyar öz mənəviyyatımdır. Epşteynin yaxın dostu üçün mənəviyyatı əsas meyardırsa, hər şeyə hazır olmaq lazımdır.

Maduronun oğurlanması göstərdi ki, ölkə başçıları öz yaxın ətrafına qarşı daha diqqətli olmalı, informasiya kanallarını artırmalı, rəsmi birbaşa informasiya kanalları ilə yanaşı qeyri-rəsmi (və gizli) kanallara da malik olmalıdırlar. Son günlər Çində Si Tzinpin ətrafında baş verənləri də mən bu baxımdən qiymətləndirirəm. Yəqin ki, indi bütün ölkələrdə oxşar proseslər gedir.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights