Amerika mətbuatı yazır ki, Pentaqon ABŞ-ın yeni hərbi doktrinası üzərində işləyir. Mətbuata sızan məlumata görə, yeni doktrinada ABŞ dünya jandarmı iddialarından imtina edəcək, yalnız Şimali və Cənubi Amerikanı özünün həyati maraq zonaları sayacaq. Bu faktiki olaraq ABŞ-ın yenidən Monro doktrinasına qayıtması deməkdir.
ABŞ bunu keyfindən etmir, artıq onun bütün dünyaya hegemonluq etməyə nə gücü, nə də resursu çatmır.
Əslində, ABŞ artıq gecikib. Onun indi Latın Amerikasını belə nəzarətində saxlaya biləcəyinə inanmıram. ABŞ yalnız Kanada və Qrenlandiyaya nəzarət edə bilər. Onu da əgər bacarsa.
Buna görə də ABŞ Avropadan və Yaxın Şərqdən qoşunlarını çıxaracaq, xarici ölkələrdəki hərbi bazalarının azı 50%-ni ləğv edəcək. Onsuz da ABŞ qoşunlarını Avropadan yavaş-yavaş çıxarırdı. O Avropanın təhlükəsizliyi üzrə isə heç bir öhdəlik götürmək istəmir. Elə bu günlərdə Polşaya Rusiya dronları keçəndən sonra jurnalistlər Trampdan NATO Nizamnaməsinin 5-ci maddəsini (alyansın bir ölkəsinə hücum bütün ölkələrə hücum deməkdir) əsas gətirərək ABŞ-ın nə tədbir görəcəyini soruşanda cavab vermişdi ki, mənim kimisə müdafiə etmək fikrim yoxdur. Yəni gedin öz başınıza çarə qılın, mənə arxayın olmayın.
Bu məlumatlar fonunda Avropa liderləri panika içindədirlər. ABŞ-sız Avropanın təhlükəsizlik sistemi yoxdur. ABŞ-sız Avropanın heç iqtisadiyyatı da yoxdur.
Dünyaya səpələnmiş ABŞ qoşunları isə geri çağırılıb bir hissəsi miqrantlarla mübarizə, quru və su sərhədlərin mühafizəsi, həmçinin Kanada və Qrenlandiyanın birləşdirilməsi üçün ölkə daxilində yerləşdiriləcək, digər hissəsi Latın Amerikası ölkələrini təsir altında saxlamaq üçün istifadə olunacaq. Venesuela ətrafına toplanan ABŞ hərbi qüvvələri artıq bu işə başlayıblar. Yəqin ki, ABŞ Latın Amerikası ölkələrində yeni hərbi bazalar yaratmağa çalışacaq. ABŞ-ın ağır günləri hələ qarşıdadır – bu zonaya nəzarət uğrunda o Çin və Rusiya ilə mübarizə aparmalı olacaq.
Asif ŞƏFƏQQƏTOV