ABŞ niyə Körfəz ətrafında hərbi qüvvələrini artırmağa çalışır?

Xeyli vaxtdır, mətbuatda ABŞ-ın Xarq adasını ələ keçirmək üçün xüsusi əməliyyata hazırlaşdığı haqda məlumatlar dolaşır. Mən bu məlumatları məqsədli dezinformasiya hesab edirəm. Niyə?

Hazırda ABŞ-İsrail cütlüyünün məqsədini aşağıdakı kimi təsnif etmək olar:

1.Maksimum məqsəd – İranı məğlub etmək;

2. Minimum məqsəd – Hörmüz boğazını açmaq.

Lakin hər iki halda ABŞ Körfəzin, xüsusən də ərəb ölkələrinin neft-qaz infrastrukturunun məhv edilməsini istəmir. Ona görə ki:

-Bu, neft qiymətlərinin kəskin yüksəlməsinə və dünya iqtisadi böhranına səbəb ola bilər;

-ABŞ ərəb şeyxləri kimi ən “səxavətli” sponsorlarını itirər;

-ABŞ transmilli şirkətləri ərəb neft-qaz infrastrukturunda milyardlarla aktivlərini (paylarını, səhmlərini) itirərlər və s.

ABŞ Xarq adasını ələ keçirməklə İranı məğlub edə bilməz, lakin bütün regionun neft-qaz infrastrukturunu məhv edə bilər. Onda niyə belə bir əməliyyat həyata keçirməlidir?

İranı məğlub edə bilməzsə – bunun üçün quruya böyük qoşun çıxartmalıdır, niyə Xarqın ələ keçirilməsi üzrə riskli əməliyyat həyata keçirməlidir?

ABŞ qüvvələri Xarqı ələ keçirərsə, İran ABŞ əsgərlərini məhv etmək üçün adanı bombalaycaq və bu zaman terminaldakı çənlər də partlayacaq. ABŞ əsgərləri adadakı çənləri qoruya bilməyəcəklər – onlar İrandan 100+ km-də şeyxlərin çənlərini qoruya bilmirlər, İran sahilindən 12 km məsafədə yerləşən adanın çənlərini necə qoruya bilərlər? Əgər ABŞ adanın neft çənlərini qoruya bilməyəcəksə, onda niyə adaya hücum etməli və çoxlu sayda əsgərini qurban verməlidir? Çənlərin partladılması onun planına daxildirsə, Xarq adasını niyə ələ keçirməyə çalışır – elə aviazərbə ilə özü partlada bilər də.

İndi isə xəritədə adanın mövqeyinə baxın.

Xarq Hörmüz boğazından çox uzaqdadır. Adanı ələ keçirmək Hörmüz boğazının açılmasını da təmin etmir. Onu dənizdən ələ keçirmək mümkün deyil, çünki ABŞ gəmiləri boğaza yaxınlaşa bilmirlər.

Adanı qurudan ələ keçirmək olar. Ona ən yaxın ölkələr İraq, Küveyt və S.Ərəbistanıdır. İraqdan hücum mümkün görünmür. Qalır digər iki ölkə. Həmin ərazilər İran tərəfindən izlənilir (Çin, Rusiya peykləri vasitəsilə) və əməliyyat üçün hazırlıqlar İran üçün gözlənilməz olmayacaq. Hücum isə gözlənilməz olmayacaqsa, onun uğurlu alınacağı böyük şübhə altındadır. Adaya düşə biləcək əsgərlərin sağ qalacağı isə daha böyük şübhə altındadır. Ukrayna müharibəsində fpv-dronlar 20 km məsafəyədək idarə olunurlar. Əminliklə demək olar ki, bu texnologiyalar artıq İranda var. Adaya düşmüş ABŞ əsgərləri üçün ora son mənzil ola bilər. Onlar üçün etibarlı qida, sursat təchizatı mümkün görünmür.

Əgər adanı ələ keçirmək nə maksimal, nə də minimal məqsədi təmin etmirsə, onda ABŞ niyə belə avantüraya getməlidir?!

Bəs ABŞ niyə Körfəz ətrafında hərbi qüvvələrini artırmağa çalışır?

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights