ABŞ-İran danışıqları haqqında nə məlumdur?

ABŞ-İran danışıqları haqqında nə məlumdur?

ELAZ.İNFO xəbər verir ki, dəqiq məlum olanlar bunlardır:

-Danışıqlarda iştirak edən nümayəndələr;

-Danışıqlar İranın 10 bəndlik təklifi əsasında aparılıb

-Danışıqlar 21 saat davam edib;

– Danışıqlarda yekun razılaşma əldə olunmayıb.

Bunlardan başqa yazacaqlarımın hamısı rəsmi təsdiqi olmayan adda-budda KİV məlumatlarına və məntiqi ehtimallarıma əsaslanır.

-İran danışıqlara diqtə edən tərəf kimi gəlmişdi – o Hörmüz boğazına de-fakto nəzarət edir, ABŞ-ın 5-ci Donanmasını Bəhreyndən didərgin salıb, ABŞ-ın Körfəz ölkələrindəki hərbi bazalarını iflic edib. Onun əsas məqsədi de-fakto nailiyyətlərini de-yure tanınmaq idi.

-ABŞ-ın məqsədi döyüş yolu ilə itirdiklərini danışıqlar yolu ilə geri almaq idi. Lakin buna nail olmaq üçün, Tramp demişkən, əlində güclü “kartlar” yoxdur. Trampın diplomatiyası poker oyununu xatırladır. Bu oyunda blef çox vacib şərtdir – əlində zəif kartlar olsa da rəqibində elə təəssürat yaradırsan ki, səndə çox güclü kartlar var və əlindəki kartlara “arxalanaraq” stavkanı o qədər yüksəldirsən ki, rəqib əlindəki kartlara inamını itirir və təslim olur.

Bəs ABŞ nə ilə blef edirdi?

Körfəz ətrafında qoşunları, hərbi gəmiləri və təyyarələri artırırdı. Tramp da danışıqların gedişində ard-arda təhdid dolu müsahibələr verir və postlar paylaşırdı.

İranın ABŞ tərəfindən dondurulmuş $27 milyard vəsaitini hissə-hissə qaytarmağı “rüşvət” kimi istifadə edirdi.

Əslində, bunlar artıq güclü “kartlar” deyillər, ABŞ onları güclü “kartlar” kimi təqdim etmək istəyirdi, yəni blef edirdi. Çünki:

1-ci “kartın” ən güclü vaxtında (müharibənin əvvəlində) İranı heç nəyə məcbur edə bilmədisə, zəif vaxtında (hərbi bazalarını itirəndən, sursatı tükənəndən, radarları sıradan çıxandan, 60 günlük müddətinə 20 gün qalandan sonra) nə edə bilər?

2-ci “kart” müharibəyə qədər güclü idi və o vaxtadək ABŞ həmin “kartla” İrandan güzəştlər ala bilərdi. İndi isə İranın statusu dəyişib. İran Hörmüz boğazından keçidə görə rüsum əsasında 1 ildə ABŞ-ın dondurduğu məbləğdən azı 2 dəfə çox vəsait qazana bilər.

Bunlardan başqa, İran tərəfi bilir ki, Tramp seytnotdadır, müharibəni davam etdirməyə nə resursu var, nə vaxtı, nə də ictimai dəstəyi – ona təcili müharibədən çıxmaq lazımdır. Deməli, may yaxınlaşdıqca Tramp İranın şərtlərini qəbul etmyə daha çox meylli olacaq.

Danışıqlara qədər tərəflərin dispozisiyası belə idi. Məhz bu da danışıqlarda tərəflərin taktikasını müəyyən etdi:

İran maksimalist tələblərlə çıxış etdi, çünki ona danışıqların uzanması sərf edir.

ABŞ-a təcili razılaşma lazım idi, buna görə də İranın bəzi şərtlərini qəbul etməyə hazır idi, lakin ictimaiyyət qarşısında “qalib” görünmək üçün İranın güzəştə getməsini (tələblərini qəbul etməsini) istəyirdi.

İndiki halda ABŞ-ın ən vacib tələbləri (qırmızı cizgiləri) nələr idi?

İranın nüvə proqramını dayandırması və artıq zənginləşdirilmiş uranı təhvil verməsi;

Hörmüz boğazına müştərək (İran-ABŞ) nəzarətin təmin edilməsi.

Bu 2 tələbi İran qəbul etsəydi, ABŞ İranın qalan şərtlərini qəbul etməyə, hətta dondurulmuş vəsaitlərini qaytarmağa, İrana qarşı sanksiyaları yavaş-yavaş ləğv etməyə hazır idi. Belə razılaşmanı Tramp seçicilərinə BÖYÜK QƏLƏBƏ kimi təqdim edə bilərdi.

Amma bu taktika naşı və ya qorxaq diplomatlar üçün keçərli ola bilər. İran diplomatları haqda isə bunu demək olmaz.

Bəlkə də İran nə vaxtsa nüvə proqramı üzrə müəyyən güzəştlərə gedəcək, amma Hörmüz boğazı məsələsində güzəştə getməyəcək. Çünki boğaza nəzarət İran üçün həm də ABŞ-a təzyiq göstərməyin ən yaxşı vasitəsidir. Bu “kartı” əlindən verməklə niyə öz mövqeyini zəiflətməlidir? Üstəlik boğaza müştərək nəzarət ABŞ hərbi bazalarının Körfəz ölkələrində qalmasına razılıq verməkdir – İran isə bunun əksini tələb edir.

Beləliklə, danışıqlar nəticəsiz bitdi. Amma əslində bu da İranın xeyrinədir, çünki İran danışıqlara elə tələblərlə gəlmişdi ki, onları ABŞ-ın qəbul edəcəyinə heç kim inanmırdı – yəni İran danışıqlara razılaşma əldə etməyə görə yox, vaxt və nüfuz udmağa görə gəlmişdi. ABŞ-a isə razılaşma çox vacib olduğundan hətta İranın 10 bəndlik təklifi əsasında da danışıqlara razı olmuşdu, lakin heç nəyə nail ola bilmədi.

Bəs sonra nə olacaq?

ABŞ “əzələ nümayişini” davam etdirəcək və yenidən danışıqlara gedəcək, qeyri-formal danışıqlar isə fasiləsiz davam edəcək. Növbəti şənbə hərbi əməliyyatlara başlamasa, ondan sonra başlayacağı ehtimalı azdır.

Bir sözlə, Yaxın Şərqdə ABŞ erası sona çatır…

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights