ABŞ iqtisadiyyatı natural ifadədə artmır -bu inflyasiyadır

Amerikanın vəziyyətinin (həm iqtisadi, həm də siyasi) ən yaxşı simptomu trejerislərə (ABŞ Xəzinədarlığının borc kağızları – istiqrazlar) tələbatdır. Trejerislər ABŞ-ın maliyyə piramidasıdır. Nə qədər ki onları çox alırlar, ABŞ-ın da maliyyə vəziyyəti əla olur – bunun sayəsində isə ABŞ həm ölkə əhalisinin rifahını yüksəldə bilir, həm də siyasi və hərbi gücünü artırır. Trejerislər alınmırsa və bu bir trendə çevrilirsə, deməli, ABŞ imperiyasının aqoniyası başlayıb.

Qrafikə baxın. Dünyada ən böyük trejeris ehtiyatı olan Çin 2015-ci ildən (~$1,3 trilyon) onlardan azad olmağa başlayıb. 2022-ci ildən – Rusiyanın valyuta ehtiyatları həbs edildikdən sonra isə Çin trejerisləri çox böyük sürətlə satmağa başladı. Hazırda Çin trejeris ehtiyatını, təxminən, 2 dəfə azaldıb. ABŞ-la indiki tarif müharibəsi fonunda onlar, məncə, daha da azaldılacaq. Çünki ABŞ trejerislərdən silah kimi istifadə edir və Çin də bu haldan sığortalanmayıb.

2-ci ən böyük trejeris ehtiyatına sahib ölkə Yaponiya idi, lakin o da son illər trejerislərini satır. Buna baxmayaraq Çin daha çox satdığından indi Yaponiya 1-ci yerə çıxıb. Trampın Yaponiyaya qarşı tarif sanksiyası qalarsa, Yaponiya da trejerislərini yarıbayarı satmağa məcbur olacaq.

Hindistanda da vəziyyət eynidir. Rusiyada trejeris yoxdur.

Bəs bu ölkələrin mərkəzi bankları azad etdikləri trejeris ehtiyatlarını nə ilə doldururlar? Əlbəttə, onları başqa ölkələrin valyutası ilə əvəz etmək olar. Məsələn, Rusiya qismən yuan və rupi ilə əvəz edir. Avro ilə əvəz etmək mənasızdır, çünki: 1) Rusiya nümunəsi göstərdi ki, Aİ bankları müstəqil deyillər, ABŞ göstəriş versə, avro ehtiyatları həbs ediləcək; 2) avro tamamilə dollardan asılı valyutadır. Buna görə də bütün banklar ehtiyatlarını doldurmaq üçün qiymətli metalların alınması üzrə yarışa çıxıblar. Nəticədə son illər qızıl, gümüş, platinin qiymətləri kəskin artıb. Çin, Rusiya, Hindistan, Braziliya, CAR-da hasil olunan qızılın xeyli hissəsi ölkənin mərkəzi bankı tərəfindən alınır.

Bütün bunlar ABŞ və Londonu qorxuya salıb. BRICS ölkələrində qiymətli metal ehtiyatlarının artırılması dollardan kənar pul ekvivalentinin yaradılacağı şübhəsi doğurur. Mətbuatda çoxdan yazılır ki, Moskvada qiymətli metallar birjasının yaradılması istiqamətində işlər gedir. Bu baş verərsə, Britaniyanın bu sahədə monopoliyasına son qoyulacaq.

25 il əvvəl dollar mərkəzi bank ehtiyatlarının 70%-ni təşkil edirdisə, indi bu göstərici 58%-dir. Hərçənd mən bu göstəricinin saxtalaşdırıldığını düşünürəm. Bəs nəyin sayəsində ABŞ hələ güclü olduğunu nümayiş etdirə bilir?

Bir daha qrafikə baxın. Çin və Yaponiya trejerislərdən azad olduqca Britaniya, Kayman adaları (Britaniyanın ofşor ərazisi), Kanada, Lüksemburq, Belçika (hamısı Britaniyanın təsiri altında olan ölkələrdir) trejeris ehtiyatlarını artırıblar. Britaniyanın trejeris ehtiyatı artıq Çinin ehtiyatını üstələyib. Çox qəribə və anlaşılmaz vəziyyətdir. Britaniyanin ticarət dövriyyəsi Çinlə müqayisəolunmaz dərəcədə aşağıdır. Əslində onun bu məbləğdə trejeris alması mümkün deyil (ABŞ-la ticarətdə böyük müsbət saldosu yox idi), həm də almağa ehtiyac yoxdur (xüsusən də son illərdə). Trejeris alan digər dövlətlər də eləcə.

Məncə, bu ölkələr trejeris ehtiyatlarını vahid mərkəzdən gələn göstəriş əsasında alırlar. Onlar almasa, trejerislərin qiyməti kəskin düşə bilər. Bu isə trejeris piramidası üstündə oturan ABŞ imperiyasını çökdürər.

Bəs bu ölkələr trejerisləri almağa dolları hardan tapırlar? Bu artıq ən maraqlı və rəsmi açıqlanmayan məsələdir – FRS-dən. FRS bu emissiya və tranzaksiyalar barədə rəsmi hesabatında heç nə yazmır. Qanunla da bunu etməyə məcbur deyil. Faktiki olaraq ABŞ “dərin dövlət”inin “qara kassa”sı hamının gözünün qabağında olan FRS-dir.

Lakin belə getsə, FRS-in resursları tükənəcək. Çünki trejerisi qazandığı dollara alan ölkə onu yenidən ABŞ iqtisadiyyatına qaytarır, FRS-in emissiyası hesabına alan isə dövriyədə dollar kütləsini artırır. Bunun nəticəsidir ki, ABŞ iqtisadiyyatı natural ifadədə artmır, lakin dollar ifadəsində daim artır. Bu inflyasiyadır və hələ ki, onun sonu görünmür.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights