Dünyanın başının Ukrayna, Qəzza, İran, Tayvan münaqişələrinə qarışdığı bir dövrdə ABŞ, deyəsən, yeni münaqişə ocağı hazırlayır. Son günlər ABŞ Meksika ətrafına 1 atom sualtı qayığı, bir neçə esmines (hərbi gəmi), raket kreyseri və Boeing P-8 Poseidon kəşfiyyat təyyarəsi göndərib.
Bu əməliyyatda cəmi 4 min hərbçi (dəniz piyadası və dənizçi) iştirak edir. Bunlara daha əvvəl Meksika sərhədlərinə göndərilmiş 10 min əsgəri də əlavə edək. Meksika sərhədi yaxınlığında həmçinin Rumıniyadan çıxarılmış 101-ci hava-desant diviziyası da yerləşdirilib.
Beləliklə, burada hərbi kontingentin cəmi Pentaqonun Yaxın Şərqdəki qüvvələrindən çoxdur. Hava kəşfiyyatı intensivləşib. MQ-9 Reaper kəşfiyyat dronları tez-tez Meksika səmasına daxil olur.
ABŞ Meksikaya, xüsusiən də onun ABŞ-la sərhəd ştatlarına nəzarət edən narkokartellərə hücum etmək niyyətini müxtəlif vasitələrlə bəyan edib. 2 ay əvvəl ABŞ Meksika narkokartellərini beynəlxalq terror təşkilatları siyahısına daxil etdi. ABŞ qanunvericiliyinə görə, bu siyahıda olan təşkilatın hansı ölkədə olmasından asılı olmayaraq, ABŞ həmin təşkilata, onun üzvlərinə qarşı antiterror əməliyyatı apara bilər. Düzdür, bu beynəlxalq hüquqa zidd qanundur (dövlətin qanunları eksterritorial qüvvəyə malik deyil), amma ABŞ nə vaxt beynəlxalq hüququ sayıb ki. Əməliyyata başlamaq üçün Tramp Meksika prezidentinin razılığını almaq istəmişdi, amma o buna qəti etiraz etmişdi.
Sanki Meksikada antirerror əməliyyatına başlamaq üçün hər şey hazırdır. Amma məncə, əsl hədəf heç də Meksika deyil. Meksikanın 131 milyon əhalisi var. Təkcə ABŞ-la sərhəd ştatlarında narkokartellerin 70 minə yaxın döyüşçüsü var. Kəşfiyyatın məlumatına görə, kartellərin nümayəndələri yalançı adlar altında Ukraynaya gəlir, dron bölmələrinə yazılır və 2-3 aylıq dron idarəetmə kurslarını keçdikdən sonra muzdlu kimi real döyüşlərdə təcrübə toplayırlar. Kontrakt müddəti bitdikdən sonra isə Meksikaya qayıdır, orada bilik və təcrübələrini paylaşırlar. Hazırda narkokartellər dronlardan həm də ABŞ-a narkotika keçirmək üçün istifadə edirlər.
Bunları nəzərə alsaq, ABŞ ordusunun Meksikaya girməsi onlar üçün növbəti Əfqanıstan ola bilər. Nəzərə alsaq ki, ABŞ-ın cənub ştatlarında da meksikalılar çoxdur (Kaliforniyada 1 ay əvvəl miqrant ixtişaşları vaxtı çox adamın Meksika bayrağı qaldırdığını görmüşük), döyüş əməliyyatları ABŞ-ın daxilinə keçə bilər.
Məncə, ABŞ-ın Meksika təhdidi aldadıcı oyun ola bilər. Əsas hədəf, güman ki, Venesueladır. Venesuelanın 29 milyon əhalisi var. Orada silahlı narkokartellərin mövcudluğu haqda ciddi məlumat yoxdur. ABŞ artıq ölkənin prezidenti Nikolas Maduronun həbs edilməsinə imkan verən məlumat üçün $50 milyon mükafat təyin edib. Bu Amerika tarixində cinayətkarın tutulması üçün qoyulmuş ən böyük mükafatdır, heç Usama ben Ladenin başına bu qədər mükafat təyin edilməmişdi (onun üçün mükafat $1 milyon idi).
Deməli, Venesuelada antiterror əməliyyatı aparmaq üçün ABŞ qanunvericiliyinə görə legitim əsas var. Venesuela çox “yağlı” tikədir. Neft ehtiyatlarına görə dünya birincisidir, hələ Qayananın da neftlə zəngin torpaqlarına iddia edir. ABŞ-ın cənub ştatlarının neft emalı zavodları Venesuela neftinin emalına layihələndirilib deyə onu əvəz etmək üçün çoxlu problemlər yaşayırlar. Həm də ABŞ Latın Amerikasında kimisə sərt cəzalandırmalıdır ki, Meksika, Braziliya və s. ölkələr dərs götürsünlər.
Bu əməliyyata başlamazdan əvvəl ABŞ cənub ştatlarında hərbi kontingentini artırmalıdır. Buna görə də Tramp tez bir zamanda Ukraynada müharibəni dayandırmaq, sonra isə Avropada olan hərbi qüvvələrinin azı bir qismini ölkəyə qaytarmaq istəyir.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi