ABŞ vitse-prezidenti Di Vensin gözlənilən İrəvan və Bakı səfəri əsasən TRIPP layihəsinin işə salınması ilə bağlı təqdim edilsə də, əslində bunun arxasında bütövlükdə Cənubi Qafqazda möhkəmlənmək, Asiya, Avropa və Afrika tranzit imkanlarına nəzarətə yiyələnmək niyyəti dayanır.
ELAZ.İNFO xəbər verir ki, siyasi şərhçi, hüquqşünas Vüqar Dadaşov ABŞ-ın Azərbaycan və Ermənistan münasibətlərini belə şərh edib. Fevralın 9-da başlayan ABŞ vitse-prezidentinin Ermənistana səfəri çərçivəsində Vaşinqtonla Yerevan arasında tarixi sazişlər imzalanıb. Məlumata görə, ABŞ Ermənistana hərbi texnologiyalar, ən yüksək səviyyəli kəşfiyyat V-BAT PUA-ları və nadir razılaşma kimi onların texnologiyasını verəcək.
Həmçinin ABŞ Ermənistanın dinc nüvə proqramının inkişafı üçün texnologiya ilə yanaşı, 9 milyard dollar vəsait ayıracaq. Yüksək texnologiyalı sənaye layihələri çərçivəsində Ermənistan ərazisində NVIDIA çiplərinin istehsalı üçün platforma yaradılması planlaşdırılır.
Razılaşmalar hərbi və texnoloji inkişaf baxımından olduqca əhəmiyyətlidir və Ermənistanın sıçrayışına səbəb ola bilər. ABŞ-ın Ermənistana belə münasibəti şübhəsiz ki, Ermənistanda Rusiyanın təsirini azaltmaq, İran sərhədinə yaxın strateji mövqe və ölkənin Qərb təhlükəsizlik və iqtisadi arxitekturasına inteqrasiyası niyyətinə söykənir.
Fevralın 10-da isə Di Vens Bakıya səfər edərək Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüş və Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası imzalayıb. Həmin xartiyaya görə əməkdaşlığın birinci istiqaməti regional əlaqəlilik və enerji təhlükəsizliyi müəyyən edilib. Yeri gəmişkən, hələ keçən il, 2025-ci il yanvarın 14-də ABŞ və Ermənistan arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb. Xaraktercə “Xartiya” və “Saziş” tamamilə fərqli hüquqi və diplomatik anlayışdır.
Xartiya – siyasi niyyət və çərçivə sənədidir, tərəflərin əməkdaşlıq istiqamətlərini və prinsiplərini göstərir, ancaq detallara girmir, həmçinin hüquqi məcburetmə xarakterli deyil. Saziş isə – hüquqi və konkret öhdəlik yaradır, şərtlərin pozuntusu beynəlxalq hüquq məsuliyyətinə səbəb olur. Müddəalardan asılı olaraq bağlanmış sazişin Parlamentdə ratifikasiyası da tələb oluna bilər.
Hər iki ölkəyə olan səfərin və əldə olunmuş razılaşmaların ağırlığı bütün mənzərəni, prioriteti açıq təsvir edir. ABŞ-ın Ermənistanla 2025-ci il və 09 fevral 2026-cı il sazişləri Ermənistanın təhlükəsizlik arxitekturasında ABŞ rolunun əhəmiyyətli dərəcədə artdığını göstərir. Əgər Rusiyanın Ermənistanda parlament seçkisinə mümkün müdaxilələri nəticəsiz qalarsa və Paşinyan yenidən baş nazir seçilərsə, Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması prosesi praktik mərhələyə keçəcək.
Azərbaycan isə, qlobal siyasi axara uyğun maksimum balanslaşdırma, Qərb və Türk dünyası ilə paralel region dövlətləri ilə praqmatik əməkdaşlıq xətti üzrə siyasətini qurur. Şübhə yox ki, rəsmi Bakı heç bir xarici qüvvəyə güvənmədən ölkənin təhlükəsizliyini müstəqil şəkildə təmin etmək yolunu davam etdirir, real suverenlik prinsiplərini qoruyur. Azərbaycan üçün əsas prioritet hərbi-siyasi bloklara qoşulmaq deyil, qlobal geosiyasi rəqabət reallığından milli maraqlar naminə yararlanmaqdır. Məhz buna görə Azərbaycan birbaşa hərbi-siyasi qarşıdurmalarda tərəf olmaqdan yayınaraq, enerji, nəqliyyat və müdafiə potensialını ölkənin təhlükəsizlik arxitekturasının əsas dayaqlarına çevirməklə qurucu aktor kimi mövqeyini bərkitməyə çalışır.
Ruslan MƏMMƏDOV