ABŞ-da vəziyyət pisləşəcək, inflyasiya güclənəcək və narazılıq artacaq

Bu gün Tramp Rusiyaya qarşı əvvəlcədən elan etdiyi “sürpriz”ini təqdim etməlidir. Çox gülməli vəziyyət yaranıb. Rusiya ABŞ-ın nə “kötəyini” (Bayden dövründə), nə də “kökəsini” (Tramp dövründə) vecinə almır və Ukraynaya (əslində Qərbə) qarşı tələblərindən geri çəkilmir. Belə olan halda “hegemon” hörməini itirir. Ona hörmət etməyəni cəzalandırmaq lazımdır ki, başqaları da dərs götürsün.

Tramp 1 aydan çoxdur ki, Rusiyaya qarşı hansı cəza sankiyası tətbiq etmək barədə baş sındrır. Bayden, demək ola ki, bütün “ölümcül” sanksiyaları tətiq edib, amma Rusiya iqtisadiyyatı daha da güclənib. Əlacsız qalan Tramp “sifətini itirməmək” üçün Rusiyaya qarşı guya yeni dəhşətli sürprizlər elan edəcək. Bunlar nələr ola bilər?

-Ukraynaya daha çox silah vermək;

-Rusiyaya qarşı Qrem-Blümental qanununa imza atmaq.

Əgər “dəhşətli cəza” bunlardan ibarət olacaqsa, bunlar 1) sürpriz deyil, 2) Rusiyaya ciddi təsir göstərməyəcək. Niyəsini araşdıraq.

-Ukraynanı daha da güclü silahlandırmaq

Baydendən fərqli olaraq, Tramp Ukraynaya silah vermək yox, satmaq istəyir. Bəs Bayden axmaq idi ki, Ukraynaya silahı havayı verirdi? Əlbəttə, yox. Sadəcə, Tramp əmin idi ki, Ukrayna müharibəsində Rusiyanı məğlub edəcəklər və bundan sonra ABŞ Ukraynaya havayı verdiyi silahların xərcini 50 qat artıqlaması ilə Rusiyadan alacaq. Tramp hakimiyyətə gələndə artıq məlum idi ki, Baydenin planı fiaskoya uğrayıb, Rusiyanın məğlub olmasına ümid yoxdur. Çəkilən xərcləri necəsə geri qaytarmaq – Rusiyadan mümkün deyilsə, Ukraynadan almaq lazımdır. Bunun üçün Tramp Ukraynanı “Resurs razılaşması” (müstəmləkəçilik müqaviləsi) imzalamağa məcbur etdi Özü isə Ukraynaya silahı yalnız sata biləcəyini bəyan etdi.

Tramp hələ ki Ukraynaya nə silah verib, nə də satıb. İndiyədək ABŞ-ın Ukraynaya silah tədarükü Baydenin dövründə (2024-cü il dekabrında) təsdiq olunmuş $60 milyardlıq hərbi yardım paketi əsasında həyata keçirilir. Bu paket iyul, uzağı avqust ayında bitməlidir. ABŞ-ın yeni büdcəsində Ukraynaya yardım nəzərdə tutulmayıb. Avqust ayında Ukraynada silaha kəskin ehtiyac yaranacaq. Ukrayna indidən silahları almalıdır ki, avqust ayınadək onları daşıya, müvafiq anbarları doldura, hərbi əməliyyatları planlaşdıra bilsin. ABŞ silahlarının pulunu Avropa ödəməyə hazırdır.

Belə baxanda kommersant əqidəli Tramp üçü ideal vəziyyət yaranıb: silaha kəskin tələbat var, onu almaq üçün pul var, üstəlik bəzi silah növlərində ABŞ monopolistdir. ABŞ monopolist olduğu (hətta olmadığı) silah növləri üzrə istədiyi qiyməti diqtə edə və yaxşı pul qazana bilər. Amma qazana bilmir… çünki ABŞ anbarlarında silah qalmayıb!

Ukraynaya Himars kimi hücum sistemləri, onun raketləri və ATACAMS raketləri, Patriot kimi müdafiə sistemləri və onun raketləri, həmçinin 155 mm-lik haubitsa mərmiləri lazımdır.

Ukrayna müharibəsi başlayanda Lockheed Martin (LM) ildə 240 Patriot raketi istehsal edirdi. İndi onun sayını 550-600-ə qaldırıb. Bunun üçün Arkanzas və Nyu-Cersi ştatlarında yeni istehsal xətləri istismara verib. Lakin LM istehsal həcmini bundan yuxarı qaldıra bilmir, çünki raketlər üçün bir çox defisit komponentlər, ixtisaslı fəhlə kadrları çatışmır. LM Yaponiyada da ildə 30 Patriot raketi istehsal edir. Onun istehsal həcmini 60-a qaldırmaq istəsə də bir çox problemlər hələlik buna nail olmağa imkan verməyib. ABŞ-ın 1 ilə istehsal etdiyi raketlər Ukrayna müharibəsində heç 1 aya bəs etmir. Patriot raketləri o qədər defisit olub ki, müharibənin əvvəlindən qiyməti 2-3 dəfə artaraq 1 ədədi üçün $7-9 milyona çatıb.

Patriot HHM sisteminin özünü tapmaq isə onun raketini tapmaqdan daha çətindir. Aprel ayında Zelenski $50 milyarda Trampdan 10 Patriot və onların raketlərini almaq istədi, lakin Tramp təklifdən imtina etdi. Çünki ABŞ-da nə Patriot var idi, nə də onun raketləri. İranla müharibəyə başlayanda ABŞ hətta Ukraynaya verdiyi Patriot-ların bir çoxunu geri alıb, öz Yaxın Şərqdəki bazalarının müdafiəsinə cəlb etmişdi.

Yeni Patriot almaq üçün ölkələr 5-7 il növbə gözləyirlər. Tayvana Patriot tədarükü üzrə 2019-cu il sifarişi hələ də yerinə yetirilməyib. Yaxın Şərqdə vəziyyətin gərginləşməsi, İranla gözlənilən növbəti müharibə ABŞ-ı oradakı bazalarına, həmçinin İsrailə daha çox Patriot göndərməyə məcbur edir. Ukranaya isə ən azı 50 Patriot lazımdır.

THAAD sistemindən heç danışmağa dəyməz. İndiyədək bu sistemdən cəmi 13 ədəd istehsal olunub. Birinin qiyməti $3 milyard, raketininki – $20 milyondur. Əvvəla, Ukraynaya satmaq üçün THAAD yoxdur, ikincisi də, onu və raketlrini almağa Ukraynanın (Avropanın) pulu yoxdur.

Artilleriya mərmiləri üzrə də vəziyyət katastrofikdir. Qərb Ukraynaya arsenallarında olan bütün mərmiləri verdi, bundan sonra Qərbyönlü başqa ölkələrin anbarlarında olan mərmiləri alıb, Ukraynaya verməyə başladı, sonra hətta Rusiya ilə dost olan ölkələrdən (məs., Serbiya, Pakistan və s.) də müxtəlif sxemlərlə mərmilər alıb, Ukraynaya göndərdi. C.Koreyadan tutmuş Mərakeşədək bütün ölkələrin mərmi anbarları Ukraynaya boşaldıldı, amma yenə faydası olmadı. İndi mövcud mərmi istehsalı heç daxili anbarları doldurmaq üçün kifayət etmir, nəinki artıqlarını Ukrayna üçün satsınlar…

Dünyada silah-sursat əldə etmək uğrunda kəskin rəqabət başlayıb. Ukrayna, İsrail, Tayvan müharibə tələbatları üçün, digər ölkələr boşalmış anbarlarını doldurmaq üçün silah-sursat növbəsinə dayanıblar.

Belə bir şəraitdə Tramp Ukraynaya nə sata bilər?! Məncə, ancaq pafoslu vədlər. Reallıqda isə heç nə. Keçən həftə Ukraynaya böyük hay-küylə 10 Patriot raketi göndərdilər. 🙂 10 raket nədir? Bir Patriot batareyasının 4-8 buraxılış qurğusu (BQ) var. Hər BQ bir dəfəyə 4 raket ata bilir. Yəni 1 batareya 1 atışa 16-32 raket ata bilir. 10 raket heç bir atış üçün kifayət etmir.

Qrem-Blümental sanksiyaları

Yazı uzun oldu deyə bu haqda qısa yazmağa çalışacam. Qanun Rusiyadan neft, qaz, uran, nikel və s. xammal alan ölkələrin ABŞ-a ixracına qarşı 500%-lik gömrük tarifləri tətbiq etməyi nəzərdə tutur. Mən bu qanunun qəbul ediləcəyinə inanmırdım. Düşünürdüm ki, belə layihələr yalnız qorxutmaq üçün tərtib oluna bilər. Çünki o ABŞ-a Rusiyadan çox ziyan vuracaq.

Tutaq ki, ABŞ bu qanunu qəbul etdi. Çin və Hindistan Rusiyadan neft-qaz almayacaq? Əlbəttə, alacaq. Ola bilər, bir az da ucuz alacaq, lakin mütləq alacaqlar. ABŞ Çin mallarına 500% tarif tətbiq edəcək? Onda ABŞ-da üsyan olar ki. Bəs Hindistan mallarına 500% tarif tətbiq edəcək? Bu absurddur axı. Trampın təzyiqi altında ABŞ-ın texnologiya şirkətləri zavodlarını Çindən çıxardıb Hindistana yerləşdiriblər. ABŞ-a ixrac olunan Hindistan mallarının çoxu elə ABŞ şirkətlərinə məxsusdur. Özü-özünə sanksiyalar tətbiq edəcək? Ayfon ABŞ-da 5 dəfə baha qiymətə satılacaq?

Dünyanın az qala yarısı, o cümlədən ABŞ (tələbatının 10%-ə qədərini) AES-lər üçün zənginləşdirilmiş uranı Rusiyadan alır. Rusiyadan almasalar, kimdən alacaqlar? Nikel, titan və s. metallarla bağlı da vəziyyət eynidir.

Rusiyadan bu məhsullar alınmasa, dünya bazarlarında həmin məhsullar üzrə böyük defisit yaranacaq – bu da öz növbəsində onların qiymətlərini kəskin qaldıracaq. Tramp aralıq seçkiləri qabağı bunu istəyərmi?

Yəqin ki, Tramp da bunları bilir. Buna görə də deyir ki, qanunla bir şərtlə razıdır ki, onu hər hansı sanksiya üzrə qüvvəyə mindirmək və dayandırmaq səlahiyyətləri özündə olsun. Qanun layihəsində bu səlahiyyət Konqresdədir. Məncə, Tramp bu səlahiyyəti ilə alver etmək istəyir. Yəqin ki, sanksiyanı hansısa tarixdən (məsələn, 1 avqustdan) qüvvəyə minəcəyni bəyan etmək istəyir ki, həmin tarixədək Rusiyanı atəşkəsə məcbur etməyə aləti olsun. Lakin inanmıram ki, Konqres bu səlahiyyəti Trampa verəcək. Heç Rusiya da belə oyunlara gedən deyil.

Məncə, bu qanun Rusiyadan çox Tramp üçün bir tələ kimi hazırlanıb. Səlahiyyət Konqresdə qalsa, sanksiyalar qüvvəyə minəndən sonra Tramp onu dayandıra bilməyəcək. Nəticədə ABŞ-da vəziyyət pisləşəcək, inflyasiya güclənəcək və narazılıq artacaq. Ultarqlobalistlərə də bu lazımdır: 2026-cı il aralıq seçkilrində trampçılar uduzacaq.

Sakit ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights