ABŞ tarixinin ən qanlı məktəb atışmalarından biri olan “Robb Elementary” qətliamı ilə bağlı keçirilən ilk cinayət məhkəməsi gözlənilməz sonluqla bitib. Hadisə zamanı silahlı şəxsə müdaxilə etməməkdə ittiham olunan keçmiş polis əməkdaşına bəraət verilib.
ELAZ.İNFO xəbər verir ki, Texas ştatının Korpus-Kristi şəhərində keçirilən məhkəmədə andlılar iclası 7 saatlıq müzakirədən sonra 52 yaşlı keçmiş polis Adrian Qonzalesi “təqsirsiz” elan edib. Qonzales 2022-ci ildə baş verən və 19 şagirdin, eləcə də 2 müəllimin ölümü ilə nəticələnən hücum zamanı vəzifə borcunu yerinə yetirməməkdə, uşaqları təhlükədə qoymaqda ittiham olunurdu.

Məhkəmə zalında qərar oxunarkən keçmiş polis göz yaşlarını saxlaya bilməyib. Lakin qərar binanın qarşısında toplaşan həlak olan uşaqların ailələri tərəfindən böyük qəzəb və kədərlə qarşılanıb. Övladlarını itirən analar ədalətin bərpa olunmadığını bildirərək göz yaşları töküblər. Bu qərar ABŞ-da polis məsuliyyəti və məktəb təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Ruslan MƏMMƏDOV