ABŞ-da büdcə müharibəsi

ABŞ-da növbəti maliyyə ili oktyabrın 1-dən başlayır. Lakin ABŞ-ın büdcəsi Konqresdə hələ də təsdiq olunmayıb, respublikaçılar və demokratlar arasında büdcə ilə bağlı fikir ayrılığı o qədər prinsipialdır ki, 1 oktyabradək təsdiq olunması gözlənilmir. Bəs büdcə təsdiq olunmursa, nə baş verir?

Bu hala “şatdaun” deyilir. Yəni hökumət bağlanır. Hökumətin fəaliyyəti üçün ən zəruri şəxslər (xidmətlər) saxlanılmaqla hamı ödənişsiz məzuniyyətə göndərilir, hökumət heç bir müqavilə bağlaya bilmir.

Əslində bu ABŞ üçün ənənəvi haldır – hər il büdcə müzakirəsi zamanı belə qalmaqal baş verir, hər partiya öz sponsor şirkətlərinin büdcədən yaxşı pay götürməsi üçün qızğın mübarizəyə başlayır. Lakin bu az hallarda şatdaunla nəticələnir. Konqresdə partiyalardan biri böyük səs üstünlüyünə malikdirsə, digər partiyanın büdcə layihəsi ilə razı olmaması onun qəbul olunmasına mane olmur. Səslər, təxminən, bərabər olursa, şatdaun riski yaranır. Belə hallarda tərəflərin nümayəndələri görüşür və qarşılıqlı güzəştlərə gedərək (bir-birinin maraqlarını nəzərə alaraq), büdcəni razılaşdırırlar.

Baydenin prezidentliyi dövründə 2 dəfə belə təhlükə olmuşdu, lakin son anda büdcə razılaşdırılmışdı. Trampın 1-ci prezidentliyi dövründə 2019-cu ildə isə tərəflər razılığa gələ bilmədilər deyə 35 günlük şatdaun baş verdi. Bu müddət ərzində Tramp (respublikaçılar) demokratlarla danışıqlarda güzəştə getməyə məcbur oldular. O vaxt Tramp qeyri-leqal miqrantların qarşısını almaq üçün Meksika ilə sərhəddə hasar çəkmək istəyirdi və büdcədə bu iş üçün böyük məbləğ nəzərdə tutmuşdu. Demokratlar isə hasarın tikilməsinin (miqrant axınının qarşısının alınmasının) əleyhinə idilər. Nəticədə Tramp bu xərcləri büdcədən çıxartmağa məcbur oldu – buna görə də Meksika ilə sərhəddə hasarın tikintisi yarımçıq qaldı.

İndi də Konqresdə demokratlar və respublikaçılar razılığa gələ bilmirlər. Demokratların Konqres nümayəndələri Trampla görüşüb, sövdələşmək istəyirdilər. Tramp onların tələbləri ilə tanış olduqdan sonra görüşdən imtina etdi. Sonra da Truth-da uzun bir mətn yazıb, demokratları yıxıb-sürüdü. Yazmışdı ki, onlar ölkəmizi xaosa sürükləyirlər, bizim əldə etdiyimiz bütün nailiyyətlərin üstündən xətt çəkmək istəyirlər. Qeyri-leqal miqrantlara sosial yardımları, tibbi sığortanı saxlamaq, xarici ölkələri, ləğv olunmuş USAID və NED-in proqramlarını, yaşıl enerjiyə keçidi, iqlim dəyişiklikləri tədbirlərini, cinsdəyişmə əməliyyatlarını maliyyələşdirməyi bərpa etmək və s. istəyirlər. Mən bunları qəbul edə bilmərəm.

Demokratlar sanki qəsdən elə tələblər qoyublar ki, Tramp onları qəbul edə bilməsin. Yəqin ki, məqsədləri hökuməti iflic etməkdir. Düşünürlər ki, bu respublikaçıların ölkədə nüfuzlarının düşməsinə səbəb olacaq. Qarşıda isə 2026-cı il Konqresə aralıq seçkiləri gəlir. Seçki kampaniyasına noyabrda start verilir. Demokratlar aralıq seçkilərdə daha çox mandat qazanıb, Konqresdə üstünlük əldə etmək istəyirlər. Buna nail olsalar, Trampın bütün işlərinə mane ola bilərlər.

Tramp da şatdauna getməklə seçki kampaniyasında demokratları nüfuzdan salmaq istəyir. Yəni baxın, demokratlar ölkədə xaos yaratmaq istəyirlər, hökumətin işləməsinə imkan vermirlər. Onun şatdaunla bağlı başqa daha praqmatik məqsədi də var. Hakimiyyətə gələndə Tramp hökumətin işçilərini azı 50% azaltmaqla “dərin dövləti” zəifltmək istəyirdi. Lakin demokratlar onun ixtisarlarla bağlı fərmanlarından məhkəmə qaydasında şikayətlər etdilər və əksər hallarda məhkəmələrdə qalib gəldilər. Beləliklə hökumətdə kütləvi işdən çıxarılmalar dayandırıldı. Tramp şatdaun vasitəsilə öz ilkin məqsədinə nail olacağına ümid edir. Çünki maaşsız qalan adamlar özlərinə yeni iş axtarmağa məcbur olacaqlar və buna görə demokratları qınayacaqlar.

Ukrayna da ümid edirdi ki, yeni büdcədə ABŞ Ukraynaya da yardım nəzərdə tutacaq. Amma hazırda vəziyyət o qədər gərginləşib ki, Ukrayna heç kimin yadına düşmür.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights