ABŞ administrasiyası süni intellekt, kvant hesablamaları və mülki nüvə enerjisi sahələrində əlaqələri gücləndirməyi hədəfləyən Böyük Britaniya ilə 40 milyard dollarlıq hərtərəfli texnologiya müqaviləsini dayandırdı.
ELAZ.İNFO xəbər verir ki, Reuters-in məlumatına görə, Böyük Britaniyanın ticarət qaydalarına dair sərt mövqeyi Vaşinqtonun qərarına təsir göstərib.
Bu arada, Financial Times (FT) qəzetinə danışan adı açıqlanmayan Britaniya rəsmiləri müqavilənin ötən həftə ABŞ tərəfindən dondurulduğunu təsdiqləyiblər.
Ağ Evin texnologiya tərəfdaşlığından kənar ticarət məsələlərində Londondan güzəştlər əldə etməyə çalışdığı bildirilir.
ABŞ danışıqçılarının Böyük Britaniyanın qida və sənaye məhsulları ilə bağlı qaydalarda irəliləyiş olmamasından və “qeyri-tarif maneələri”ndən xüsusilə narazı olduqları deyilir.
Britaniya hökumətinin sözçüsü qərardan sonrakı münasibətlərin vəziyyəti ilə bağlı şərh verərək bildirib:
-“ABŞ ilə xüsusi münasibətlərimiz güclü olaraq qalır və Böyük Britaniya Texnologiya Çiçəklənmə Sazişinin hər iki ölkədə çalışqan insanlar üçün imkanlar yaratmasını təmin etməyə sadiqdir”.
Günel GÜNTAC


