XX əsrdə bəşəriyyət iki dünya müharibəsi ilə üz-üzə qaldı. İkinci Dünya müharibəsi əhatə dairəsinə, iştirakçı dövlətlərin sayına, müharibənin aparılması metodlarına və vasitələrinə görə birincidən qat-qat dağıdıcı və dəhşətli idi.
1939-1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başladı, 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatdı.
İkinci Dünya müharibəsi həm də ona görə fərqləndi ki, müasir beynəlxalq sistem məhz onun nəticələri əsasında formalaşdı. Dünya tarixində bu hadisəyə bir neçə amil səbəb oldu və onların öyrənilməsi müasir dönəm üçün də vacibdir. Çünki o zamanlarda baş verən hadisələrin oxşarını bu gün də müşahidə etmək olar.
Müharibənin iştirakçıları iki cəbhəyə bölündü: nasist bloku (əsas iştirakçılar – Almaniya, İtaliya və Yaponiya) və antihitler koalisiyası (əsas iştirakçılar – SSRİ, ABŞ, Britaniya və Fransa).
Hər bir ölkəni müharibəyə sürükləyən səbəblərlə yanaşı, artıq Birinci Dünya müharibəsindən sonra yaranan beynəlxalq sistem qüvvələr balansını və real siyasi vəziyyəti əks etdirmədi. Dəyişikliklərə ehtiyac var idi və həmin dəyişikliklər dinc yolla deyil, müharibə yolu ilə reallaşdı. Nəticədə 50-dən çox dövlət antifaşist koalisiyasında birləşdi, dünyanı faşizm taunundan xilas etdi.
Əli İBRAHİMOV
Vəkil