Çox işlərin onlayn olduğu bir zamanda, 50 nəfərin xaricdə 20 gün müddətində təcrübə keçməsinə-“Təhsildə liderlik” proqramı adı ilə ETN pul ayırması sadəcə israfçılıqdır. Bu gün 5 min km. məsafədən, distant texnologiyalarla cərrahiyə əməliyyatının mümkün olduğu zamanda, belə “təhsil əməliyyatı” açıq israfçılıq və büdcə talanıdır.
ETN deyəsən 5 milyardlıq elm- təhsil büdcəsini hara və niyə xərcləmək lazım olduğunu hələ də bilmir. Təbii ki, strategiyasız təhsil belə “idarə” edilər.
“COURSERA” kursunda bu il 200 min vətəndaşımız dövlət hesabına onlayn təlim almalıdır (yəqin ki, bu “əməliyyata” da məmurlar on milyonlarla büdcə pulu israf ediblər). İl bitir, heç 20 % insan təlim keçməyib. Dövlətin maliyyəyə maksimum qənaət çağırışları qarşılığında, ETN büdcə pullarını belə hədər yerlərə israf edir.
Bu 50 nəfər öyrənəcəyi təlimi, fərdi qaydada “COURSERA”-dan da ala bilərdi.
Hər dəfə elm və təhsildə ən aktual layihələrə, elmi tədqiqatlara, innovasiyalara, alimlərin xarici ölkələrdəki konfranslara ezam edilməsinə ETN pul vermədiyi halda, “biz proseslərə yox, nəticələrə pul ayırırıq” kimi adsurd fikirlər səsləndirənlər, bəs belə nəticəsi şübhəli proseslərə, nəticəsiz turist səfərlərinə niyə səxavətlə pul ayırırlar? Əvvəllər də belə ETN-nin belə “təhsil-turist” səfərləri olub, amma təhsildə bu proseslərin heç bir təsiri hiss edilməyib.
Belə tərsinə qurulmuş “təhsil siyasəti”nin nəticəsi nazirin təbirincə desək, təbii ki, tərsinə qurulmuş təhsil sistemi olacaqdı.
Bu səfərsiz də belə “təhsil siyasəti” nəticəsində, təhsilə dair bütün reytinqlərdə “Lider”ik, daha əziyyət çəkib, indiki çətin zamanda bu səfərə bir ətək pul tökməyin nə mənası vardı?
Təhsil strategiyası, elmə əsaslanan təhsil islahatları olmayanda, təbii ki, həm ziyarət, həm ticarət “təhsil siyasəti” olacaq.
İlham ƏHMƏDOV Dosent