ELAZ.İNFO xəbər verir ki, alimlər 1977-ci ildə qeydə alınan və tarixə müasir texnikalardan istifadə etməklə “VAU!” qeydi ilə düşən sirli radiosiqnalını yenidən təhlil ediblər.
1977-ci ildə Ohayo ştatındakı Böyük Qulaq Rəsədxanasında kəşf edilən və astronom Cerri Ehman tərəfindən “VAU” qeydi ilə qeydə alınan siqnal yenidən diqqət mərkəzindədir.
Daily Mail-da yazılan xəbərə görə ekspertlər onilliklər sonra apardıqları yeni təhlillərdə bu sirli radio dalğasının əvvəllər təxmin ediləndən qat-qat güclü olduğunu və mənbəyinin naməlum olaraq qaldığını açıqlayıblar.
72 SANİYƏ DAVAM EDİB
Söz mövzusu radio dalğaları həm fövqəladə gücü, həm də 72 saniyəlik fasiləsiz davamiyyəti ilə diqqəti cəlb edirdi. Bundan başqa, siqnalın kainatın ən bol elementi olan hidrogenin yaydığı tezlik diapazonunda aşkarlanması, bəzi ekspertlərin fikrincə, bunun qəsdən edilən bir əlaqə cəhdi ola biləcəyi ehtimalını artırır.
Puerto Riko Universitetinin professoru Abel Mendezin rəhbərlik etdiyi son araşdırmada rəsədxanada qeydə alınan 75 000 səhifəlik məlumat rəqəmsallaşdırılıb. Tədqiqatçılar siqnalın əvvəllər düşünüldüyündən 4 dəfə güclü olduğunu üzə çıxarıb və mənbənin hansısa göy cismindən qaynaqlanması ehtimalını istisna ediblər.
TƏBİİ İZAHLAR QƏNAƏTBƏXŞ DEYİL
Yeni analiz göstərdi ki, siqnal televiziya stansiyasından, peyklərdən və ya Aydan əks olunan siqnal ola bilməz. Günəşin o dövrdə belə bir partlayış törədəcək qədər aktiv olmadığı da müəyyən edilmişdir. Bu tapıntılar siqnalın Günəş sistemindən kənardan gəldiyi ehtimalını gücləndirir.
Yadplanetlilərin mövcudluğu gündəmdədir
Elm adamları siqnalın yadplanetlilər tərəfindən göndərilməsi ehtimalını tamamilə istisna etməsələr də, ən çox ehtimal olunan ehtimalın hidrogen buludlarına dəyən maqnitar ulduzun enerjisinin yaratdığı təbii partlayış olduğuna inanırlar. Buna baxmayaraq, tədqiqatçılar vurğulayırlar ki, “VAU” siqnalı həll olunmamış qalır.
İlahə BAYINDIR