“40 yaşdan sonra peşədə ən maraqlı dövr başlayır”

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın tanınmış teatr və kino aktrisası Aleksandra Rebenok layihələrindən, yaşla bağlı dəyişən baxış bucağından və müasir kino sənayesinin çətinliklərindən danışıb. Hazırda bir neçə layihə üzərində paralel çalışan aktrisa sənət prinsiplərinə sadiqliyin önəmini vurğulayıb.

Aleksandra qeyd edir ki, teatr aktyorun fundamentidir. O, hazırda Çexov adına Moskva Bədii Teatrında (MHT) “Müqəddəslərin qabalı” (Кабала святош) tamaşasında rol alır, eyni zamanda rejissor Konstantin Boqomolovla yeni tamaşanın məşqlərinə başlayıb.

Aktrisa məşhur “Prinsipsizlər” serialının 5-ci mövsümündə Anna obrazının Peterburqdan Moskvaya köçərək paytaxtı fəth etməyə çalışacağını bildirib. Bundan əlavə, o, “Fişer-2” layihəsində 90-cı illərin Soçi merini canlandıraraq tamamilə fərqli bir ampluada çıxış edir.

Aktrisa 40 yaş həddi haqqında səmimi etiraflar edib: Tələbə vaxtı mənə elə gəlirdi ki, 30 yaşdan sonra qadın üçün həyat bitir. İndi 45 yaşım var və anlayıram ki, hər şey məhz burada başlayır. Yorğunluğa və depressiyaya yer yoxdur. Qarşımda Dostoyevski, Çexov və Tolstoyun qəhrəmanlarından ibarət nəhəng bir repertuar var.

Aktrisanın fikrincə, son illərdə kino sahəsində keyfiyyət kəmiyyəti üstələyib. Layihələrin sayı azalsa da, ssenari üzərində iş və hazırlıq mərhələsi daha peşəkar səviyyəyə qalxıb. Rəqabətin artması isə aktyoru daim formada qalmağa məcbur edir.

Nə baş verməsindən asılı olmayaraq, özün olaraq qalmaq, prinsiplərinə xəyanət etməmək və sənətə xidmət etmək ən vacib meyardır, – deyə Aleksandra Rebenok müsahibəsini yekunlaşdırıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights