35 ildə milli elmimizin acınacaqlı vəziyyəti

ELAZ.İNFO

AMEA-nın 80 illik yubileyi ilə əlaqədar ölkədə silsilə tədbirlər keçirilir. Çox təəssüf ki, belə əlamətdar hadisə ilə eyni vaxtda AMEA-nın son 3 prezidentinin prokuraturada ifadə verməsi, son 35 ildə milli elmimizin hansı acınacaqlı vəziyyətə düşməsini göstərir.
Bütün bu illər ərzində ehtiyacdan 10 dəfə az maliyyələşən elmin zəif büdcəsinin müəyyən hissəsinin onun rəhbərləri tərəfindən mənimsənilməsi isə çox biabrçı haldır. Bu nə elmə, nə akademiyaya, nə də akademiklərə yaraşan hərəkət deyil.
İnanmıram ki, başqa hansısa bir ölkənin akademiya sistemində, elmində belə hadisə ola, belə akademiklər ola.
Bəs aidiyyatı qurumlar bu illər ərzində hara baxırdı, niyə ciddi nəzarət etmirdi?
Hesablama Palatası illərcə bu faktları niyə ifşa etməyib? Belə çıxır ki, ölkədəki son proseslər olmasaydı, bu nöqsanlar hələ də ifşa edilməzdi?
Təhsil naziri deyir ki, mən ölkədə alim tanımıram. Bu vəziyyətdə elm, alim necə yarana və inkişaf edə bilərdi? Amma o, bu vəziyyətin yaranmasında, məmur həmkarlarını yox alimləri günahkar bilir, necəki, təhsildəki böhranlı hala görə ETN-i yox, müəllimləri günahkar bilir.
ETN-dəki durum AMEA-dakı durumdan daha ağırdır, çünki ETN-nin büdcəsi AMEA-nın büdcəsindən 50 dəfə çoxdur. Ənənə isə belədir: büdcə çox olduqca, talan da çoxalır.
İndi ETN-də də auditor yoxlaması gedir. Yenə də hər nöqsan ört-basdır ediləcək, yoxsa nöqsanlar üzə çıxacaq?
Təhsilimiz və elmimiz nəticəvi olmadı, heç olmasa auditor yoxlamaları nəticəvi olsun, əks halda elm və təhsilə əlvida.

Dosent İlham ƏHMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights