Bu gündən etibarən Rusiya və Gürcüstanın işğal altında olan Abxaziya arasında birbaşa aviareyslər, Rusiyadan Suxumiyə isə sərnişin qatarı bərpa olunur.
ELAZ.İNFO xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. İlk reysi “UVT Aero” şirkəti Vnukovo-Suxumi marşrutu üzrə yerinə yetirəcək. Uçuşların 30 illik fasilədən sonra bərpası mayın 3-nə planlaşdırılsa da, yüksək tələbə görə aviaşirkət mayın 1-nə əlavə reyslər təyin etməyə qərar verib. Suxumi istiqamətinə uçuşları həmçinin “Ifly” şirkəti Moskvadan, “NordStar” şirkəti isə Moskva ilə yanaşı Krasnoyarskdan da həyata keçirəcək.
Məlumat üçün əlavə edək ki, bu ilin fevralın 7-də Suxumi aeroportu Moskvadan ilk sərnişin təyyarəsini test rejimində qəbul edib. Hava limanı 1993-cü ildən fəaliyyət göstərmir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Suxumi aeroportunu tanımır və ona məxsus kodu 2006-cı ildən ləğv edib. 2023-cü ildə hava limanının yenidən qurulması ilə bağlı Suxumi və Moskva arasında saziş imzalanıb.
Rəsmi Tbilisi Suxumi hava limanının istismarını qanunsuz hesab edir. Yayılan məlumatlara əsasən, Gürcüstanın Mülki Aviasiya Agentliyi ICAO-ya Rusiya aviaşirkətlərinə Suxumiyə reys yerinə yetirmələrini qadağan etməsi tələbi ilə müraciət ünvanlayıb.