Bu gün Qəbələdə qardaşlıq ortamı vardı. Bunu burada paylaşdığım fotoşəkillərdən də görmək mümkündür. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun vurğuladığı kimi bu fotolarda diplomatiya yox, qardaşlıq var.
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları bu gün tarixi şəhərimiz olan qədim Qəbələdə bir araya gəlib Türk dünyasının gələcəyi üçün çox önəmli mövzuları ələ aldılar, incələdilər, gənəşdilər və önəmli qərarlar qəbul etdilər.
Sonda təşkilata üzv ölkələrin liderlərinin görüşünün nəticəsi olaraq Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşü çərçivəsində Qəbələ Bəyannaməsi imzalandı, təşkilatın sıralarının genişləndirilməsi və regional formatdan qlobal formata keçilməsi məqsədilə “TDT+” formatı təsis edildi, TÜRKSOY Beynəlxalq Təşkilatının gücləndirilməsi haqqında qərar qəbul olundu, Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlqoyma mərasimi keçirildi, Türkiyədə Ortaq Türk Əlifbasında yazılan ilk kitab olaraq Çingiz Aytmatovun “Oğuznamələr” əsəri Rəcəb Tayyib Ərdoğan tərəfindən bütün türk liderlərinə təqdim edildi.
Qəbələ sammiti göstərdi ki, TDT yeni tarixi mərhələyə qədəm qoyur. Çünki məhz bu sammitdə açıq şəkildə vurğulandı ki, bu gün türk dövlətlərinin sülh və təhlükəsizliyi üçün, inkişafı üçün bütün Türk dünyasının kollektiv hərbi gücü də formalaşdırılmalıdır. İlham Əliyev təklif etdi ki, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Beləliklə, hamıya aydın şəkildə başa salındı ki, bizim ortaq hərbi gücümüz olmasa, gün-gündən daha da barbarlaşan, quduzlaşan və hərcmərcliyə sürüklənən hazırkı xaos dünyasında özümüzü qorumağımız, inkişaf etməyimiz, böyük siyasi-iqtisadi gücə çevrilməyimiz mümkün olmayacaq.
Zirvə görüşündə Kasım-Jomart Tokayevin Bəxtiyar Vahabzadədən sitat gətirməsi də önəmli mesaj idi.
Tokayev çıxışında bildirdi:
“Azərbaycanlı şair və bu tarixi torpaqların yetirməsi Baxtiyar Vahabzadə bizə belə bir vəsiyyət qoyub: “Türk türkə düşmən ola bilməz!”. Biz ulu babalarımızın bu müdrik sözlərini uca tuturuq və bütün dünyaya göstəririk ki, türklər bir-birinə qan qardaşı olan, birliyinə sadiq xalqlardır. Türk Dövlətləri Təşkilatı bu birliyin siyasi ifadəsidir və təşkilata üzv ölkələrin həmrəyliyi bütün bölgədə sabitlik və inkişaf üçün vacib amildir”.
Bəs, TDT-nin 12-ci Zirvə Görüşü nə üçün Bakıda, Gəncədə, Naxçıvanda, Şuşada yox, məhz Qəbələdə keçirildi?
Bu arada xatırladaq ki, TDT-nin ilk (təsis) toplantısı da 16 il öncə məhz Naxçıvanda keçirilmişdi. Aradan 16 il keçəndən sonra, bu dəfə bütün Türk dünyasının siyasi Zirvəsinə ev sahibliyi etmək növbəsi Qəbələnin payına düşdü. Başqa sözlə desək, Azərbaycan öz qədim yurd yerlərini, tarixi şəhərlərini bütün Türk dünyasına təqdim etməyə davam edir. Qəbələ nəinki Azərbaycanın, hətta bütün Türk dünyasının ən qədim, əski yurd yerlərindən biridir. Və bu gün TDT-nın Zirvə görüşünə ev sahibliyi etmək bu şəhərin halalca haqqıydı.
İlham Əliyev çıxışının əvvəlində Zirvə Görüşünün iştirakçılarını salamlayaraq, onlara “Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz” dedi və Qəbələnin geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı olduğunu bildirdi.
Rəcəb Tayyib Ərdoğan isə Zirvə Görüşündə çıxışı zamanı Qəbələni Türk dünyasının qədim mədəniyyətinin əksi, güzgüsü kimi qiymətləndirdi və Qəbələ Zirvəsini “Türk dünyasının həmrəyliyinin və ortaq gələcəyinin rəmzi” adlandırdı: “Bu gün bir daha göstərdik ki, Türk Dövlətləri arasında həmrəylik və qarşılıqlı hörmət ruhu ilə gələcəyə inamla irəliləyirik. Böyük Türk dünyasını daha da gücləndirərək onu gələcək nəsillərə miras qoymaq bizim məsuliyyətimizdir”.
Beləliklə, ortaya qoyulan kollektiv siyasi iradə onu göstərir ki, bu gün türk dövlətləri ortaq keçmişə söykənərək, həm də ortaq gələcəyə doğru birgə irəliləmək əzmindədirlər.
Bir sözlə, Qəbələ Türk dünyasının keçmişlə gələcəyinin görüş yeri oldu.
P.S.Ümid edək ki, bugünkü Zirvə görüşü, həmçinin bütün Türk dünyasının tarixçilərində Qafqaz Albaniyasının tarixinə marağı daha da artıracaq. Rus, gürcü, erməni tarixçilərinin Qafqaz Albaniyasının tarixi üzərində qurduqları süni monopoliyanı qırıb dağıtmağımızın vaxtı artıq yetişib.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi