Regionlarda mədəniyyət sahəsinin canlandırılması və kadr çatışmazlığının aradan qaldırılması məqsədilə başladılan “Zemski mədəniyyət işçisi” proqramı çərçivəsində mühüm nailiyyətlər əldə edilib. 2025-ci ildən start götürən layihə artıq 1000-dən çox mütəxəssisin kənd və kiçik şəhərlərdə fəaliyyətə başlamasına vəsilə olub.
ELAZ.İNFO xəbər verir ki, proqramın icra vəziyyəti ilə bağlı Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova məlumat verib. Nazirin sözlərinə görə, layihəyə ölkənin 87 regionu qoşulub. Bu təşəbbüs təkcə kadr təminatını deyil, həm də regionlarda mədəniyyət müəssisələrinin nüfuzunun artırılmasını hədəfləyir.
Hökumətin illik hesabatına istinadən bildirilir ki, hazırda ölkə boyu muzeylərin, teatrların, kitabxanaların və incəsənət məktəblərinin modernləşdirilməsi prosesi sürətlə davam edir. Xüsusilə gənclər arasında populyar olan “Puşkin kartı” layihəsi artıq 13 milyona yaxın gənci əhatə edib və proqram çərçivəsində bu günə qədər 100 milyondan çox bilet satılıb.
Bundan əlavə, 2025-ci ilin yekunlarına görə kinoteatr yığımlarının 50 milyard rublu keçməsi mədəniyyət sektorunda iqtisadi canlanmanın bariz nümunəsi kimi qiymətləndirilir. “Zemski mədəniyyət işçisi” proqramı kənd yerlərində intellektual asudə vaxtın təşkili və milli irsin qorunması baxımından strateji əhəmiyyət kəsb edir.
Ruslan MƏMMƏDOV