1 həftədə 4 Azərbaycan vətəndaşı mina qurbanı olub

Ermənistanın ölkəmizə qarşı mina terroru davam edir. Ötən 7 gün ərzində işğaldan azad edilmiş torpaqlarımızda 4 mina hadisəsi qeydə alınıb.

ELAZ.İNFO xəbər verir ki, Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Əsgər Nicat oğlu Musazadə mina partlayışı nəticəsində həlak olub.

Aprelin 6-da Ağdam rayonunun Qalayçılar kəndi  ərazisində mina hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Səbuhi Elman oğlu Məmmədov minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

 2 aprel 2025-ci il tarixində Ağdamın Çəmənli kəndi ərazisində də mina hadisəsi baş verib. Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Nurəddin Abbasov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə minanın partlaması nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

Cəbrayıl rayonu ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Heydər Əli oğlu Xankişiyev minaya düşüb. Onun sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.

Aysun NƏCƏFOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights