“Əgər şagird oxumursa, müəllimə niyə maaş verilməlidir?”

Təhsil naziri deyir ki, “Əgər şagird oxumursa, müəllimə niyə maaş verilməlidir?”
Maraqlı fikirdir. Bəs şagird niyə oxumur? Çünki, ölkənin təhsil sistemi çoxdan çöküb. Təhsil islahatların fəlsəfəsi, elmi təminatı, konseptual və strateji bazası yoxdur. İllərdir ki, qüsuru kadr və maliyyə siyasəti, keyfiyyətsiz tədris proqramları, dərsliklər, zəif müəllim hazırlığı, ixtisasartırma və təkmilləşdirilməsi sistemi, faydasız təlimlər, səmərəsiz layihələr, qrantlar. Bütün bunlar təhsilin inkişafına xidmət etməli idi, amma əksinə oldu, təhsili dsha da bərbad hala saldı.
Müəllimlər istəsə də, belə bir şəraitdə yaxşı nəticə əldə edə bilməzdilər.
Pis müəllim, pis şagird yoxdur. Pis təhsil sistemi və səriştəsiz menecerlər var. Əgər onlar həm də məsuliyyətsiz və tamahkardırlarsa, onda bu təhsilin, millətin faciəsidir. Hesablama palatasının təhsil sistemində ifşa etdiyi maliyyə pozuntuları milyonlarla ölçülür. Bu yəqin ki, hələ tam mənzərə deyil.
Nazirin bu və əvvəllər dediyi fikirlər göstərir ki, ETN-nin təhsilin inkişafına dair heç bir real strategiyası, planı yoxdur, ona görə də belə ziddiyyətli və elmi əsası olmayan fikirlər söyləyir.
Təhsildəki ağır durumun səbəbkarı isə nazirliyin 25 il ərzində səmərəsiz və məsuliyyətsiz fəaliyyətidir.
Nazirlik yaxşı işləsəydi, qonşu ölkələrdə olduğu kimi, bizdə də normal elm və təhsil sistemi olardı.
Əgər nazirlik pis işləyirsə, onda bu qurumun əməkdaşlarına niyə maaş verilməlidir?
Verilən maaşlara da heyf olsun.
İslahatlara, layihələrə, qrantlara israf edilən milyonlara görə bəs kim cavabdeh olmalıdır?
Belə ziyanlı bir quruma və onun səriştəsiz menecerlərinə nə ehtiyac var?

İlham Əhmədov

Dosent

Bizimlə oxuyun
Verified by MonsterInsights